"Paşinyan Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək istəyir" - politoloq

“44 günlük Vətən savaşından, bir gün antiterror əməliyyatından sonra faktiki olaraq Ermənistan öz məğlubiyyətini etiraf etdi. Azərbaycanın tələblərini yerinə yetirmək məcburiyyətində qalıb. Ermənistan ərazisində bizim səkkiz kəndimiz vardı. Ermənistan tərəfi də anlamağa başladı ki, əgər səkkiz kəndi qaytarmasa Azərbaycanın hərbi əməliyyat etmək haqqı da var. Bu baxımdan Azərbaycanın tələbinə əməl edərək birinci Qazaxın dörd kəndini razılaşma əsasında, dinc yolla qaytardı. Növbəti kəndlər isə vaxt istəyib və yəqin ki, müəyyən bir vaxtdan sonra danışıqlar prosesi zamanı Ermənistan həmin işğal altında qalan digər kəndlərimizi də qaytarmalıdır. Əks təqdirdə Azərbaycan hərbi hərbi əməliyyat yolu ilə işğal altında olan kəndlərimizi azad etmək haqqımız var. Bu, beynəlxalq hüququn bizə verdiyi bir hüquqdur. Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq haqqı var”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Azad Məsiyev deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan arasında baş verən konfliktin sona çatması üçün mütləq şəkildə sülh sazişi lazımdır.

“Yəni dinc yanaşı yaşama prinsipinə Ermənistan əməl etmək istəyirsə, mütləq şəkildə sülh sazişinə imza atmalıdır. Amma sülh sazişinə getmək üçün Ermənistan bəzi addımlar atmalıdır. Konstitusiyasında dəyişikliklər etməlidir. Ona görə ki, sülh sazişinin təməl prinsipi nədir? İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımaqdır. Əgər Ermənistan öz konstitusiyasında dəyişiklik etməyəcəksə, bu zaman sülh sazişi ilə konstitusiya ziddiyyət təşkil edəcəkdir. Sülh sazişinə bir-birinin ərazi bütövlüyünü tanıma maddəsi salınsa belə, Ermənistan konstitusiyası bu maddəyə zidd olaraq Azərbaycan torpaqlarını iddia edən məqamlar özündə əks etdirir. Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə iddialı məqamlar var. Bu baxımdan Ermənistan öz Konstitusiyasında dəyişikliklər etməlidir. Ermənistan Konstitusiyası referendum, ümumxalq sorğusu ilə formalaşır. Kim zəmanət verir ki, Paşinyan sülh sazişinə imza atdıqdan, referendumdan sonra erməni xalqı həmin konstitusiyada dəyişikliklər edəcək və ona səs verəcək? Heç kim buna qaranti verə bilməz. Bu baxımdan Ermənistanda konstitusiyasında dəyişiklik etdikdən sonra sülh sazişini imzalamaq real ola bilər. Bundan başqa, Ermənistan öz üzərinə nəqliyyat infrastrukturunun açılması məsələsində öhdəlik götürüb. Çünki 10 noyabr sazişinin doqquzuncu maddəsi var ki, Ermənistan-Azərbaycan arasında nəqliyyat infrastrukturunu açmalıdır və nəqliyyatın təhlükəsizlik hərəkətinə təminat verməlidir. Ancaq təəssüflər olsun ki, Paşinyan Qərbin və Birləşmiş Ştatların təzyiqi ilə Zəngəzur yolunun açılmasına maneçilik törədir. Daha doğrusu, mane olur və adını da guya Zəngəzur dəhlizi sözü müqavilə yoxdur. Belə bir bəhanə edərək bu dəhlizin açılmasına mane olur. Ümumilikdə Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. 10 noyabr sazişinin heç bir müddəasını könüllü olaraq icra etmədi. Məcburiyyət daxilində icra olundu. Buna görə də Paşinyan həmişə zor qarşısında müəyyən addımlar atmaq məcburiyyətində qaldıqda elə bu razılığa gələ bilər. Hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında böyük problemlər var və Paşinyan isə çox təhlükəli bir oyun oynayır. Çünki Paşinyan Qərbi öz arxasına alaraq həm də Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətmək istəyir. Eyni zamanda Qərbi öz arxasına alıb, Azərbaycana təzyiq etmək istəyir”.

Sonda politoloq vurğulayıb ki, Paşinyanı hakimiyyətə gətirən dairələr Cənubi Qafqazda stabilliyin olmasında maraqlı deyillər:

“Bu baxımdan Paşinyan, Ermənistan üzərində Cənubi Qafqazda bir xaos yaratmaq istəyirlər. Bu xaosun fonunda öz maraqlarını həyata keçirmək istəyirlər. Naxçıvan bölgəsində müntəzəm şəkildə son vaxtlar atəşkəsin pozulması da Paşinyanın tapşırığı ilə edilir. Çünki Ermənistanda müdafiə nazirindən tutmuş əsgərə qədər bütün strukturlar Paşinyanın nəzarəti altındadır. Paşinyanın iradəsi olmadan sərhəddə hər hansı bir atəşkəsin pozulması qeyri-mümkündür. Çox təəssüflər olsun ki, Paşinyan yenə də ikili oynayaraq, beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Üzdə özünü sülhpərəst, sülhməramlı kimi göstərmək istəyir, əməldə isə bu sülhün əldə olunması üçün gərginlik yaradır. Paşinyan sözün həqiqi mənasında sülhə getmək istəyirsə, Azərbaycanla dinc yaşama prinsipinə əməl etmək istəyirsə, mütləq şəkildə konstitusiyasında dəyişiklik etməli, nəqliyyat infrastrukturunun açılmasını təmin etməlidir. Paşinyan bunu könüllü, xoşluqla etsə daha yaxşı olar. Çünki bu, Zəngəzur dəhlizi Rusiyanın da strateji maraq dairəsindədir. Bu baxımdan hesab edirəm ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərsə, eyni zamanda qonşularla dinc yanaşı yaşama prinsipinə əməl etmək istəyirsə, təhlükəli oyunlarından əl çəkməli və beynəlxalq hüquq prinsipinə əməl edərək davranışını həyata keçirməlidir. Əks təqdirdə regionda yeni mürəkkəb situasiya yarana bilər. Bu da Cənubi Qafqaz regionunda, həmçinin Cənubi Qafqaz regionunda olan dövlətlərin maraqlarına uyğun deyil və bu prosesdə isə təhlükəli məqam gedişləri Paşinyan edir”.

Rəfiqə NAMAZƏLİYEVA