“Onu fəth edən komandan ən gözəl komandan, ordu ən gözəl ordudur” “Onu fəth edən komandan ən gözəl komandan, ordu ən gözəl ordudur”
  • Tribuna
  • 14 May 2021 14:42
  •  15 193

Şuşanı azad edən Komandan və bu şəhərdən dünyaya verilən mesaj

“Onu fəth edən komandan ən gözəl komandan, ordu ən gözəl ordudur”

Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycanın bütün dünyaya verdiyi multikultural mesaj idi. Tədbirdə ölkəmizdə yaşayan bir çox etnik qrupların öz mahnı töhfələrini təqdim etməsi erməni separatçılarının Azərbaycan xalqı barədə yaratmağa çalışdığı qənaətləri alt-üst edir, bu torpaqlarda dinindən, milliyyətindən asılı olmayaraq, hər kəsin eyni tədbirdə rahatlıqla öz kimliyini ifadə edə biləcəyini göstərir. Prezident İlham Əliyev də tədbirin açılış nitqində bu xüsusa diqqət çəkərək demişdir: “Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”.

Fikrimcə, “Xarıbülbül” festivalının keçirilməsi üçün Şuşanın seçilməsi təsadüfi deyildi. Şuşa Qarabağın hərbi strateji baxımından ən önəmli yeri olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin, özəlliklə də musiqi sənətinin tarixi mərkəzi kimi tanınır. Bu şəhərdən çıxan bir çox muğam ustaları xalqımızın nadir mədəni incisinin indiyə qədər qorunub saxlanılmasında, hətta ətraf ölkələrə yayılmasında xüsusi rol oynamışdır. Şuşada yetişən müğənni və musiqişünaslarımızın ecazkar səsləri və qabiliyyətləri muğam sənətinin təkcə dini baxımdan bizə yaxın ölkələrdə sevdirməklə qalmamış, hətta tarixən Azərbaycan xalqına düşmən kimi baxan ermənilər tərəfindən də təqdirlə qarşılanmışdı. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində bir çox erməni musiqiçiləri muğamın sirlərini öyrənməyə çalışmış, kamança, tar kimi alətlərdə gözəl ifaları ilə yadda qalmışlar.

Mirzə Cəlilin “Kamança” hekayəsi muğam və musiqi sənədinin iki düşmən xalq arasında hətta qan yatırdığını mükəmməl şəkildə ortaya qoyur. Hekayədə Azərbaycan qaçaqlarına əsir düşən erməninin kamançada ifasını onun musiqinin əcazkar təsiri ilə necə xilas olunuşundan bəhs edilir.

Bəli, Azərbaycan xalqının mədəniyyətə və musiqiyə verdiyi dəyər Qarabağ torpaqlarında düşmənlərimizin belə sığındığı ən hiyləgər qoruma qalxanı olmuşdur. Bununla belə, biz bir millət olaraq dəfələrlə acı təcrübələrimizə baxmayaraq, mədəniyyətə duyduğumuz hörmətdən zərrə qədər geri addım atmamış və yəqin ki, bundan sonra da atmayacağıq. Məhz Azərbaycan xalqının gözəlliyi də bu xüsusiyyətindən qaynaqlanır. “Xarıbülbül” festivalında Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin öz mahnıları ilə çıxış etmələri bu baxımdan ölkəmizin minillər boyu sürdürdüyü multikultural dəyərə verdiyi qiymətin ifadəsi idi.

Mən bütün bu özəlliklərinə görə Şuşanı böyük türk xalqının tarixi qələbəsinin və bütün mədəniyyətlərə qucaq açan xarakterinin simvolu halına gəlmiş İstanbulla müqayisə edərdim. Bildiyimiz kimi, 1453-cü ildə böyük türk sərkərdəsi Fateh Sultan Məhməd İstanbulu fəth edərkən bu şəhərdə yaşayan heç bir fərqli din mənsublarına toxunmamış, əksinə onları öz himayəsi altına almışdı. Tarixi sənədlər sübut edir ki, türklər İstanbulu almasaydı, bu şəhəri öz paytaxtlarına çevirən xristian ortodokslar Roma katolik kilsəsi tərəfindən məhv edilə bilərdi. Roma kilsəsinin ortodoksları kafir elan etdiyi və İstanbulu almağı planlaşdırdığı bir zamanda Fateh Məhmədin həmin şəhəri alması əslində Allahın ortodoks xristianlarına bir lütfü idi. Təsadüfi deyil ki, Osmanlı imperiyası uzun əsrlər boyu həm də ortodoksların sığındığı hərbi qüdrət olmuşdur və bu gün də İstanbuldakı Yunan Patriarxlığı ortodoks xristianlarının əsas mərkəzlərindən biri sayılır.

Sirr deyil ki, ortodosk xristianları indiyədək mövcudiyyətlərini qorumalarını Sultan Fateh Məhmədin İstanbulu aldıqdan sonra verdiyi fərmana borcludur. Yunan Ortodoks Patriarxlığına hüquqi status qazandıran həmin fərmanın məzmunu belədir: "Heç kim Patriarxlıq üzərində hakim olmamalı, heç kim ona ilişməməlidir.

Patriarxlıqdakı bütün kahinlər hər cür xidmətdən azad olacaq, kilsələri məscidə çevrilməyəcək, əvvəlki kimi ibadətlərini davam etdirəcəkdir”. Yeri gəlmişkən, bu gün Türkiyə və türk xalqlarının Qərb ölkələri tərəfindən düşmən kimi qəbul olunmasının əsas səbəblərindən biri də Osmanlıların ortodoks xristianlığına qucaq açması ilə bağlıdır.

Şuşa da Azərbaycanın multikultural dəyərlərini dünyaya çatdıran mədəniyyət mərkəzi kimi ilk “Xarıbülbül” festivalına ev sahibliyi etməsi və bu təbdirin hər il keçirilməsinə qərar verilməsi baxımından kiçik İstanbula bənzəyir. Amma bənzərlik bununla bitmir. Şuşa həm də işğaldan azad olunarkən ortaya qoyulan hərbi-taktiki möcuzə baxımından da İstanbulla eyniləşmiş, qardaşlaşmış şəhərdir. İstanbul necə gəmilərin quru üzərindən başqa cinaha keçirilməsi ilə fəth olundusa, Şuşa da əli yalın igidlərimizin sıldırımları dırmaşaraq ağır hərbi texnikalarla döyüşməsi ilə işğaldan qurtarıldı. Elə bu səbəbdən də Azərbaycan əsgərlərinin ortaya qoyduğu şücaətlər müasir hərb taktikalarının ən möcuzəvi örnəyi kimi təqdir olunur və dünyanın müxtəlif hərbi institutları tərəfindən öyrənilir. Eynilə Sultan Məhmədin İstanbulu fəth edərkən ortaya qoyduğu misilsiz şücaəti kimi.

Şuşanın fəthi həm də son 200 il ərzində Azərbaycanın ermənilər və onun himayədarları üzərində qazandığı ilk hərbi qələbə kimi dəyərlidir. Azərbaycanın Ali Baş komandanı İlham Əliyevin bu fəthdə müstəsna rolu olduğu da heç kimə sirr deyil. Məhz onun əzmkarlığı, intellektual gücü, sərkərdəlik qabiliyyəti və uzaqgörənliyi ilə bu şəhər 30 ildən sonra yenidən öz tarixi mərkəzinə bağlandı. Düşünərəm ki, İstanbulun fəthi ilə əlaqədar Məhəmməd peyğəmbərimizin 700 əvvəl dediyi sözləri həm də Azərbaycan prezidenti İlham Əliyev də haqq edir: “Onu fəth edən komandan ən gözəl komandan, ordu ən gözəl ordudur”.

Mürvət Həsənli, iş adamı