Kəbirə Məmmədovanın “qoçuları” əməkdaşımıza zor tətbiq etdilər; Ticarət mərkəzinin önündə qeyri-rəsmi polis postu qurulub Kəbirə Məmmədovanın “qoçuları” əməkdaşımıza zor tətbiq etdilər; Ticarət mərkəzinin önündə qeyri-rəsmi polis postu qurulub

Aksiyadan sonrakı “Binə”dən REPORTAJ

Kəbirə Məmmədovanın “qoçuları” əməkdaşımıza zor tətbiq etdilər; Ticarət mərkəzinin önündə qeyri-rəsmi polis postu qurulub

Binə Ticarət Mərkəzində keçirilən etiraz aksiyası artıq 3 gündür ki, mətbuat və ictimaiyyətin diqqət mərkəzindədir. Aksiyanın ticarət mərkəzinin işinə təsiri, ümumiyyətlə oradakı vəziyyətlə yerində tanış olmaq üçün AzNews.az-ın əməkdaşı "Binə" ticarət mərkəzində olub.

Taksi sürücülərinin "bazarı bağlanıb"

Aksiya ilk növbədə metronun 20 Yanvar stansiyasının yaxınlığından ticarət mərkəzinə sərnişin daşınması ilə məşğul olan taksi sürücülərini qəzəbləndirib. Ona görə ki, son 2 gündə sərnişinlərin sayı kəskin azalıb.
"Həmişə bu vaxta qədər (günorta saat 12-i nəzərdə tutulur- E.Ə) azı iki dəfə gedib qayıdırdım. İndi birinci dəfədir gedirəm" deyə bizi aparan taksi sürücüsü and-aman edir. Onu da bildirir ki, bəzi sərnişinləri hətta özünün ehtiyatsızlığı ucbatından itirib: "Dünən maşına minən sərnişinlərə aksiyadan danışdım. Az qaldılar yolda düşələr ki, təhlükəlidir. Axırda güc-bəla razı salıb "Sədərəyə" qədər apardım. Amma sürücü yoldaşlarıma demədim ki, onların "bazarına" girmişəm".

Agent Sədərəkdən "qara xəbər" gətirdi

Binə bazarında əməlli-başlı sakitlikdir. Elə sözün bütün mənalarında. Müştəri gözləyən mağaza sahibləri bir-birinə giley – güzar edir. Dediklərinə görə, həmişə həftənin ilk iş günündə müştəri az olub: "Birinci günlər gələn az olur. Amma indi müştəri heç yoxdur. Bəlkə günorta gəldilər. Hava yaxşıdır. Yəqin camaat qorxur bura gəlməkdən. Belə getsə azı 10-15 gün bura müştəri gəlməyəcək". Bu arada "Sədərəyə" yolladıqları "agent" gəlib çıxır və "qara xəbəri" gətirir. Məlum olur ki, "həftənin ilk iş günü" ümidi kəsilib, çünki "Sədərək" bazarında müştərilərin sayı buradakından dəfələrlə çoxdur.

"Ağlaşma ayın sonunda olacaq"

Mağaza sahiblərinin nədənsə çəkindikləri ilk sualdan bəlli olur. Danışmağa yox, susmağa üstünlük verirlər, çünki "yerin də qulağı var". Adını açıqlamayan bir satıcı isə "hələ ayın sonunda lap ağlaşma olacaq" deyə icarə haqqının ödənməsi ilə bağlı problemlərin yaranacağının xəbərdarlığını verir. Dediyinə görə, icarə haqqı bahadır, amma olanlardan sonra hələlik heç kəs danışmaq istəmir. Bircə səbəbi var : "Qorxuruq".
Bazarda gözə dəyən az sayda müştəri isə əsasən Dağıstandan gələnlərdir. Dediklərinə görə, aksiya barədə xəbərdar deyillər, xəbərdar olsalar belə, gəlmək məcburiyyətindədirlər. "Çünki artıq Bakıya gəlmişik, əliboş geri qayıtmaq olmaz. Əgər aksiya edirlərsə, özləri üçündür, bizimlə nə işləri olacaq ki? Biz də baxıb kənardan çəkərik" deyə biri hətta zarafatında da qalmır.

Bazara nəzarət gücləndirilib

19 yanvar aksiyasından sonra "Binə"yə nəzarət xeyli gücləndirilib. Ərazidə post-patrul xidmətinin bir neçə maşını növbə çəkir, polislər, Nəqliyyat Nazirliyinin müfəttişləri bazarın girəcəyində dayanıb qızğın müzakirə aparırlar. Mağazaların qarşısında isə əlində dəftər - qələm olan şəxslər gəzir, görünür onların da müzakirəsi ciddi mövzular barəsindədir. Amma bununla belə yanlarından ötüb-keçən hər kəsə diqqətlə baxmağı da unutmurlar.

Polislərin "şəkil əməliyyatı"

Bazarın müdiri Kəbirə Məmmədovanın ofisinin qarşısında isə mühafizə polisinin əməkdaşları "səngər" qurub. Ofisin yerləşdiyi ikinci mərtəbəyə çıxmağa mane olmurlar, amma bu onların nəyisə gözdən yayındırması anlamına gəlməz. Elə bircə dəfə fotoaparatın işığını görmələri kifayət etdi ki, bir anda ətrafımı dövrəyə alsınlar. Özlərini təqdim etməyən bu polis əməkdaşları jurnalist olduğumu artıq təxmin etmişdilər. Elə ona görə də "hansı qəzetdənsiz?" deyə soruşsalar da, vəsiqəmə baxmağı lazım bilmədilər. Onları daha çox fotoaparatdakı şəkillər maraqlandırırdı. Daha doğrusu, onları yox, "hacı" deyə müraciət etdikləri şəxsi. Bu hacı kim idisə, obyektivə düşməsindən kifayət qədər narahat olmuşdu. Sonradan şəkillərə baxarkən məlum olur ki, "hacı" mühafizə polisinin əməkdaşları ilə söhbət etdiyi an obyektivə düşüb. O isə bizi nədənsə "salam verib keçirdim" deyə nəsə inandırmağa çalışır. Beləcə şəkilləri silmək tapşırığı verərək, yanımızdan uzaqlaşan "hacı"nın sözünü yerinə yetirmək üçün əməlli-başlı "mübarizə" başladı. İki polis əməkdaşı telefonla ora-bura zəng edir, kiməsə hadisəni izah etməyə çalışır, amma çağırdıqları şəxsin gəlmədiyini görüb özləri onun yanına getməli olurlar. Görməməyim üçün sütunun arxasına keçirlər, aydındır ki, bütün canfəşanlıqları şəkilləri silməkdir. Bu arada məni tapşırıb getdikləri polis yoldaşları ilə söhbət etmək imkanı yaranır.

"Bilirik jurnalistə toxunmaq olmaz, amma..."

Gedərkən sanki qiyməti heç də ucuz olmayan fotoaparatı onlarda qoyub gedəcəyəmmiş kimi bərk-bərk tapşırdıqları polis əməkdaşı utancaq təbəssümü ilə "narahat olmayın, bacı, indi qaytararlar" deyir. Hiss olunur ki, yoldaşlarını hərəkətindən xəcalət çəkir, amma "biz də tapşırığı yerinə yetiririk. Bilirik ki jurnalist toxunulmazdır. Amma nə edək, bizim də çörəyimiz burdan çıxır. Bizə belə tapşırılıb" deyir. Onu arxayın edirəm ki, nə ona, nə də digər polis əməkdaşlarına qarşı kin daşımırıq. Sadəcə özlərini təqdim belə etməyən, yaxud edə bilməyən bir neçə nəfərin bir fotoaparatın üstündə bu qədər əziyyət çəkməsinin səbəbini anlamırıq. Halbuki soruşsaydılar, özümüz onlara yardım edərdik. Bunu da yəqin ki, acığımızdan dediyimizi söhbətləşdiyimiz polis əməkdaşı da anlayır. Hər halda çöhrəsini tərk etməyən utancaq təbəssümü çox şey deyir. Yoldaşlarının niyə onu özləri ilə aparmamalarının səbəbini də...

Bu dəfə də diktofon baryeri

Nəhayət ki, "şəkilləri sildik" deyə qürrələnərək fotoaparatı qaytarırlar. "Yəqin ki, burda dayanmaq olar, yoxsa bu da qadağandır?" deyə soruşuruq. Cavabında "olar, dayanmağa heç kəs heç nə demir" deyirlər. Sonra da məni orada tək qoyub özləri əvvəlki postlarına qayıdırlar. Təbii ki, gözlərini bir mərtəbə yuxarıda dayanan məndən çəkməyərək.

Aksiyada Sədərək izi...

Çox keçmədən Kəbirə xanımla görüş təklifimizə cavab gəlir. Bildirirlər ki, Kəbirə xanım özü yox, şirkətin hüquqşünasları suallarımızı cavablandıracaq. Amma burada da diktofon baryerini keçmək mümkün olmur. Həmsöhbətimiz elə-belə, dostyana danışmaq tələbini səsləndirir. Başqa çıxış yolu yoxdur, ən azından qət etdiyimiz məsafəni göz önünə alıb razılaşırıq. Söhbətə müştəri sayının azlığı ilə başlayırıq. "Araz Avia" firmasının hüquqşünası Fuad Cəfərovun sözlərinə görə, müştərilərin sayının azlığı həftənin ilk iş günü olması ilə bağlıdır: "Hər həftənin 1-ci günü belə olur. Ruzini verən Allahdır, Allahın qismətidir, alver bu gün necə olacaq".
Aksiya ilə bağlı burada fərqli fikirdədirlər. Hətta onu da bildirirlər ki, hadisənin qaynağı "Binə" yox, "Sədərək" bazarı olub: "Orada bir neçə mağazanı vergi əməkdaşları 400 manat cərimələmişdi. Onlar da gəlib burdan keçiblər, burda da bir neçə nəfər onlara qoşulub". Problemin yaranmasının səbəbinə gəlincə isə, F. Cəfərov məsələnin vergi qanunvericiliyindəki dəyişiklikdən qaynaqlandığını vurğulayır: "Vergilərlə bağlı məsələ bir az möhkəmlənir. Onlar da bununla razılaşmırlar. Burada ümumi söhbət aparıldı ki, vergi əməkdaşları 20 gün gəlib mağazalarda oturacaqlar. Dükan sahibləri də bununla razılaşmadılar. Guya, deyirlər ki, Kəbirə xanım yanında əlində avtomat olan 4 nəfərlə gəlib? Avtomat haradan çıxdı? Kəbirə xanım hadisədən yolda xəbər tutub, heç nədən də çəkinməyərək, onların qarşısına çıxıb. Amma onların aralarında bəzi insanlar vardı ki, söhbətin istiqaməti dəyişdilər. "Azadlıq", "istefa" çığırmağa başladılar. Deyirlərsə ki, başqa yerlərdə icarə haqqı 500 manatdır, belədirsə niyə gedib həmin yerlərdə işləmirlər"?

Kəbirə Məmmədova - Rəsul Quliyev: "Gözəl versiyadır"

F. Cəfərov aksiyadan bir gün əvvəl bir qrup şəxsin Kəbirə xanımla görüşdüyünü bildirir: "Söhbət məhz vergi dəyişikliyi ilə bağlı oldu. Kəbirə xanım onlardan təkliflərini soruşdu. Belə razılığa gəldilər ki, səhəri gün sahibkarlar öz təkliflərini bildirəcəklər, baxılacaq. Amma səhər tezdən təkliflər əvəzinə, belə bir aksiya oldu".
Hadisənin Kəbirə xanımla birbaşa bağlı olduğu barədə səslənən iddialarla bağlı da hüquqşünasın fikrini soruşduq. Qeyd edək ki, bu versiyalardan biri də Kəbirə xanımın eks-spiker Rəsul Quliyevə yaxın şəxs olması və bu səbəbdən də onu bazar rəhbərliyindən kənarlaşdırmaq istəmələri ilə bağlıdır. F. Cəfərov bu iddianı cəfəngiyat adlandıraraq "Gözəl versiyadır, amma heç bir əsası yoxdur" deyə münasibət bildirdi. Onu da qeyd etdi ki, hazırda istintaq aparılır, istintaq yekunlaşdıqdan sonra açıqlama veriləcək. O ki, qaldı aksiyada həbs edilənlərə, ofisdən bizi inandırmağa çalışdılar ki, onların kimliyini bilmirlər: "Onların kim olduğu bilinmir. Bir neçəsi ilə bağlı soruşanda deyiblər ki, yoldan keçənlərdir. Görünür, kimsə öz məqsədi üçün istifadə etməyə çalışıb. Əgər fikirləri doğrudan etiraz etmək idisə, bunu sivil formada edəydilər. Mağazaları açmayaydılar, stul qoyub qarşısında əyləşəydilər, mətbuatı da çağıraydılar ki, gəlin çəkin, biz aksiya keçiririk. Yoxsa polisə daş atmaq, taksilərə ziyan vurmaqla olmaz. O taksi sahibləri də çörək üçün çıxanlardır. Burda birinci mühafizə polisinə hücum etdilər, mühafizə polisi onların yolu bağlamasının qarşısını almaq üçün arxalarınca gəlirdi. Aralarında yaralananlar var".

"Sizi ötürək..."

Beləcə cəmi 2 gün əvvəl baş verən aksiyanın məkanını tərk edirik. Amma kimlərinsə bizi gəldiyimiz yolda müşayiət etməyə "maraqlı" olduğu gözümüzdən yayınmır. Yəqin ki, yenə kiminsə şəklini çəkəcəyimizdən ehtiyatlanırlar. Belə olmasaydı, hər addımda gözümüzə görünüb xəbərdarlıq etməzdilər.
Ofisi tərk edərkən "istintaqçılar gəlib və onlar üçün otaqlardan bəzilərini boşatmaqla şərait yaratmaq lazımdır" deyirlər. Aralarında hətta əlində videokamera olan bir nəfər də var. Görünür, o da nəsə çəkmək istəyəcək. Amma yəqin ki, onun çəkdiklərini silməyəcəklər...

Elnarə Əlosmanqızı
AzNews.az
image description image description image description