Bizim Sabir

(Dostum Sabir Rüstəmxanlı haqqında söz)

Beyvəfadan, müxənnəsdən, nakəsdən
Nə söz qaldı sənətkara dəyməmiş?!
Aşıq Ələsgər


****

Ürək sözlərimi qələmə aldığım bu yazıda nə "Rüstəmxanlı" sözünü, nə "müəllim" kəlməsini, nə də "Xalq şairi", "millət vəkili" təyinlərini işlətməməyə çalışacağam. Sabir Bəyin siyasi fəaliyyətindən də çox danışmamağa söz verirəm. Çünki siyasət bizi ayıran, ədəbiyyat isə birləşdirən tərəfdir. İrəlidə çox zaman görmədiyim üçün mən özümü birləşdirən tərəfə aid edirəm.

Dünyanın elə tərəfləri var ki, biz Sabirlə bir yerdə olmamışıq. Birləşmək, ayrılmaq, yenidən birləşməkdən də söz getmir. Dünyanın elə tərəfləri də var ki, biz Sabirlə bir olmuşuq. Desəm ki, Sabir bizim öncümüz olub, bu sözün səmimiyyətinə inanın. Mən 1965-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olanda Sabir III kursda oxuyurdu. III kursun simvolu Sabir idi.

Necə ki, II kursun simvolu Ramiz Rövşən idi. IV kursun simvolu Azər Abdulla, V kursun simvolu İsmayıl Məmmədov. Biz daxil olan ildə universiteti bitirənlərin simvolu isə rəhmətlik Aydın Məmmədov idi. Simvol, yəni "mən Sabirin kursunda oxumuşam" deyəndə ağıla gələn ilk adam Gülxanım Vəliyeva da, Qara Tağızadə də, Nəzakət Qafqazlı da, nə bilim kimlər də ola bilər. Ancaq o kursda simvol adam Sabir idi. Bu bəlirgənlik yalnız şöhrətlə bağlı deyil. Burada şöhrət də var, mehribanlıq da, xarizma da...

Əgər mənim oxuduğum bu 5 ilə gedib- gələnləri də daxil etsək, o dövrün ən məşhur tələbəsi şübhəsiz ki, Sabir idi. Sabirin o gözəl və əzab- əziyyət dolu tələbəlik illərində komsomol iclasındakı "nitqini" heç unuda bilmirəm. Kənddən gəldiyi elə ilk baxışda sezilən bu arıq, kəskin baxışlı və hamımıza qarşı ciddi olan bu oğlan gənc kommunist əxlaqına yaraşmayan və yaşlı kommunist əxlaqının daşıyıcılarını da heyrətdə qoyan bu "nitqi" ilə "komsomol təşkilatı" adlı məşhur təşkilatın daşını daş üstə qoymadı.

Dekan üzünü yana çevirdi, partiya təşkilatı katibi yavaşca salonu tərk etdi, müəllimlər pıçhapıça başladı. Sabirsə "Bu nə universitetdir, bu nə yataqxanadır, bu nə artistlikdir", deyib qızışdıqca salon da qızışır, hərəsi bir dərədən, bir obadan gələn tələbələr "mən Sabirin oxuduğu universitetin tələbəsiyəm" qürurunu yaşayırdı. Bu qüruru, yəni dissident qürurunu biz tələbələrə cəmi üç adam yaşatdı desəm, məni qınamayın, böyük sözmü?

Bəxtiyar Vahabzadə, böyük tarixçi Lətif Əsgərov və Sabir Bəy. Yox, bu o demək deyil ki, universitetdə gözəl alimlər, müəllimlər yox idi. Əsla. Universitet auditoriyalarında görüb sevdiklərimiz, ömrümüz boyu çörəyini yediyimiz Muxtar Hüseynzadəni, Səlim Cəfərovu, Əkbər Ağayevi, Əlövsət Abdullayevi, Xədicə Ağalarovanı, Ağaməli Həsənovu, Mir Cəlalı, Əli Fəhmini, Abdulla Vəliyevi, Abbas Zamanovu, Mehdi Məmmədovu... (Allah hamısına qəni - qəni rəhmət eləsin) unutmaq mümkün deyil.

Onlar indi də bizim yuxularımızda, yazdıqlarımızda, dediyimiz dərslərdə yaşayır. Sabirin də daxil olduğu o üçlük isə, razılaşmayanlar, başqa cür düşünənlər ən kəsəsi, ayrı - ayrı miqyasda dissident düşüncəli insanlar idi. Sabir universiteti bitirib Mirzə İbrahimovun və Bəxtiyar müəllimin səyləri ilə "Ədəbiyyat qəzeti"ndə işə başladı.

Bu da bizim üçün olduqca qürurverici idi. Sonra Sabir əsgər getdi və təsadüfən mənim o zaman üçün gələcək qaynım olacaq Məhfuz Səlimovun "soldatı" və dostu oldu. Bizim xanımının ilk şeirlərini də dəyərləndirib şair deyil, müəllimə olmağı məsləhət görən də (Allah atasına rəhmət eləsin) Sabir olub. Sonra Sabir müxtəlif vəzifələrdə işləməyə başladı: "Yazıçı" nəşriyyatının baş redaktoru, "Azərnəşr"in direktoru, Mətbuat Komitəsinin sədri və s.

Mən onun bütün vəzifələrini xatırlamıram. Ancaq Sabir harda olubsa qabiliyyəti olan tələbə dostlarını, ona dərs deyən müəllimlərini, qələm dostlarını unutmayıb. Bu mənada o, bizim nəslin "dayısı" olub. Bizim nəslin ilk ailə quranı, ilk övlad atası, ilk xalq hərəkatçısı və ilk naziri, ilk millət vəkili də Sabir olub. Amma bütün bu "ilk"lərlə bərabər Sabir yaradıcı şəxsiyyətdir və yazıb- yaratmaq missiyası Allahın ona verdiyi vergidir.

Bu vergidən uca nə ola bilər ki? Sabirin şair yaradıcılığı və publisistikası bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Sabir çağdaş şeirimizin, milliyyətçiliyin, vətənsevərliyin və vətəndaşlıq poeziyasının öndərlərindən biridir. Çağdaş vətən, vətəndaşlıq, millətsevərlik şeirinin Bəxtiyar Vahabzadə, Xəlil Rıza, Məmməd Araz kimi ən önəmli isimlərindən sonra (əlbəttə böyük Mirzə Cəlili, Sabiri, Üzeyir Bəyi, Əli Bəy Hüseynzadəni, Cavidi, Müşfiqi unutmadan!) Sabirin adının gəlməsi bu şeirlərin bədii səviyyəsi və ədəbi siqləti ilə deyil, daha çox yaş sırası ilə bağlıdır.

Adını çəkdiyim və çəkmədiyim, milliyyətçilik və vətənsevərlik sırasına daxil olan və olmayan şairlər və yazıçıların Sabirin şeirini yüksək qiymətləndirməsi heç də təsadüf deyil. Bəxtiyar müəllimin Sabirin şeirlərindən dərsdə, görüşlərdə necə vəcdlə danışdığının şahidlərindən biri də mənəm. Anarın, Yusif Səmədoğlunun, Əkrəm Əylislinin, Elçinin, İsi Məlikzadənin, Fərman Kazımzadənin Sabirdən sayğı və qürur hissi ilə yazmaları, danışmaları heç təsadüf deyil.

Yaşıdları Ramiz Rövşənin, Məmməd İsmayılın, rəhmətlik Nüsrət Kəsəmənlinin, Vaqif Bayatlı Odərin Sabir şeirlərinə və publisistikasına verdikləri dəyər, bəslədikləri sevgi yalnız dost sevgisi, dəyəri sayılmaz. Məncə, bu qıymətləndirmə cəsarətlə, ilkinliklə gözəl duyğuların gözəl ifadəsiylə bağlıdır. Eyni yolda yürüyən və haradasa ədəbi rəqib olan insanların bir nöqtədə, bir şəxsiyyətdə birləşməsi o qədər qanuna uyğundur ki, burada təsadüf, gəlişi gözəllik axtarmaq imkansızdır.

Bizim mərhum böyük nasirimiz Sabir Əhmədlinin Sabir Rüstəmxanlı ilə (soyadı iki Sabiri ayırmaq üçün işlətdim) şəxsi və əqidə dostluğu bizim ədəbiyyat tariximizin Sabir - Səhhət dostluğu ilə müqayisə edilə bilər. Sabirin şeirinin də, publisistikasının da, ictimai fəaliyyətlərinin də ana nöqtəsi Azərbaycanın bütövlüyü və Türklük məfkurəsidir.

Əslən Ərdəbildən olması, Yardımlıda doğulub Bakıda yetişməsi təsadüfi deyil. Sabirin yaralı yeri beş yerə ayrılan Azərbaycandır, daxili və xarici güclərin məngənəsində qalan Türklük əqidəsidir. "Ömür kitabı" Sabirin şah əsəri və Azərbaycan milli məfkurəli publisistikasının zirvəsidir, desəm məni subyektivlikdə qınamayın. Zirvə özünə qədər olan yolların davamı və yüksəlişidir.

Məhəmməd Əmin Rəsulzadənin siyasi publisistikasının və Anarın ədəbi- fəlsəfi publisistikasının doğma övladı "Ömür kitadı"dır desəm səhv etmiş sayılmaram. Ə. Elçibəy milli hərəkatın ilk təkanları, milli- mənəvi dayaqları içərisində şeirləri ilə bərabər onun "Ömür kitabı"nın da adını özəlliklə vurğulamışdı.

İndi qədim Türk yurduna səyahət notlarını yazan, zaman - zaman milli- mənəvi dəyərlərə yönələn zərbələri ortaya qoyan, vətəndaş səsini qaldıran da Sabir bəydir. Mən də daxil olmaqla, siyasət nəslinin günlük mübarizəyə çox aludə olması bəzən bizi böyük dəyərlərdən uzaqlaşdırır. Böyük dəyərlər üçün çarpışmaları və çarpışanları gün siyasətinə qatmayaq və ya onları başqalarından ayıraq. Mən bunu səmimiyyətlə söyləyirəm.

Bəli, Sabir dostumun bəzi hərəkətlərindən, yazılarından, siyasi gedişlərindən narazı qalmaqlığım olub və bunları mətbuata çıxarmaqdan da çəkinməmişəm. Mən demirəm ki, səhv eləmişəm. Yox, bir siyasətçi kimi səhv eləməmişəm. Mənim və ya başqasının səhvi iri kalibrli silahdan ona tay-tuş olmayanı vurmaq tələbidir, günlük qayğıları böyütməkdir, şəxsi amilləri birinci dərəcəyə gətirməkdir.

Artıq ömrün bu vaxtında hər kəsə öz dəyərini vermək lazımdır. Fəxri adları alan, o adları atan da, böyük vəzifələrdə işləyən də, (o işlərdən çıxarılan da) bizim Sabirdir, meydanda başı sarılmış yaralı da bizim Sabirdir, Təbrizdə Azərbaycan dərdini, Ankarada Türklük faciələrini doğuran səbəbləri söyləyən də bizim Sabirdir. Unutmayaq ki, gözəl silahla həmişə 10-luqdan vurmaq olmur. Bunu da unutmayaq ki, missiyalı insanlara başqa yöndən, dəyər qiymətləriylə yanaşmaq doğru sayıla bilməz.

"Yağı yağ, ayranı ayran olsa", zəmanəmizdə hərkəsə öz missiyasına, gücünə, imkanlarına görə qiymət vermək Allaha da xoş gedər, bəndəyə də… Mənim ürəyimin divarından dostum Sabirin üç şəkli asılıb: Universitetin böyük salonunda çıxış edən 20 yaşlı III kurs tələbəsi Sabir; meydanda milyonlara xitab edən başı sarıqlı, qara dəri plaşlı Sabir, bir de bir yaz günü iydə ağacın dibində Altaylı Türk qızı ilə gülə - gülə söhbət edən Sabir.

Mən bu üç şəklin üçünü də sevirəm. Bu üç şəklin üçü də Sabirdir. Bizim Sabir…

P. S. Vallah - billah (dostumuz Rafiq Əliyev Əhməd Ağaoğluna istinad edərək deyir ki, Qarabağlılar yaman and içən olurlar) bu ürək sözlərimi nəyə görəsə, nə üçünsə yazmadım. Sevdiklərimdən və mənə dərs deyən- deməyən müəllimlərdən başqa kimsəyə gözəl söz yazmaya asla ehtiyacım yoxdur.

Bakıda son görüşümüzdə Sabiri fikirli və qayğılı gördüm. Ürəyimdə qaldı. Adam ancaq ən yaxın, doğma adamını ürəkdən hiss edə bilər. İstanbulda gecə, yuxuda Sabiri gördüm. Yuxudan qalxan kimi ürək sözlərimi yazmaya bilmədim. Sözün doğrusu elə adam var ki, mən onu uşaqlarına görə xoşbəxt sayıram və ona həsəd aparıram, elə adam var ki, çəkdiyi əzablara görə sonsuz hörmət bəsləyirəm. Eləsi də var ki, riskinə, cəsarətinə görə.

Mən Sabiri " Ömür yolu"nu yazdığına görə xoşbəxt sayıram və dərin hörmət bəsləməyə də borcluyam. Böyük adamlar yalnız öz ailəsinin, əqrəbasının deyil, millətinindir. Əqrəba iki-üç nəsildən sonra unudulur. Yazı qalır, yazılan qalır. Əlövsət, Şahbaz, o bizi qardaşlar inciməsinlər, onlar mənim də yaxın dostlarımdır.

Ancaq Sabiri, Elçibəyi, Nəcəf Bəyi, Xudu müəllimi… ailə, qohum-əqrəba, dost kriterləri ilə dəyərləndirmək olmaz. "Qan yaddaşı" ifadəsini türkcəyə Sabir gətirib. Türkcədə bu ifadəni Türkiyə, özbək, tatar, türk sənət və elm adamlarının da işlətməsi gün - gün yetişməkdə olan ortaq türkcə üçün leksik norma olacaq.

Kəlmələri yalnız folklor dilində, klassik ədəbiyyatda deyil, R. Rzanın, B. Vahabzadənin, M. Arazın, Y. Səmədoğlunun, Anarın, Mövludun, V. Nəsibin, M. İsmayılın, A. Səmədin, gənc şairlərin və nasirlərin dilində axtarmaq və tapmaq, görmək və götürmək lazımdır. Bütün türkcələrin kəlmə varlığının xəlbirlənməsi ortaq türkcə seçimi üçün təməl qaynaqdır. Bu təbii seçim sürəcində Sabir Bəyin əsərlərinin dili də öz önəmli rolunu oynayır və oynayacaqdır da.

Biz vətən, vətəndaşlıq, millətçilik poeziyası deyərkən əsla H. Cavidi, M. Müşfiqi, E. Cavadı, A. İldırımı, S. Vurğunu, R.Rzanı, Şəhriyarı, H. Nitqini, Savalanı… bu poeziyadan və qayədən uzaq tutmuruq. Sadəcə şairin əsas və ya psixologizmdirsə onu vurğulamaq istəyirik. Və bu bölgünün də kifayət qədər şərti olduğunun altını cızaraq söyləmək istəyirik.

Həm şeirə, həm nəsrə, dramaturgiyaya və publisistikaya aid olan bu şərti bölgü kifayət qədər subyektiv olsa da, heç kəs etiraz etməz ki, Sabir Bəy bizim poeziyamızın vətən, vətəndaşlıq və milliyyətçilik qolunun en parlaq çağdaş əsgəridir. Bu mənada biz onu varis olaraq Bəxtiyar Vahabzadə ilə, çağdaş olaraq Oljas Süleymenovla müqayisə edə bilərik. Türk şeir ənənəsində Sabir, Fazıl Kısakürəklə, Mehmed Akifle, M. E. Yurdakulla daha çox bağlıdır.

Gənc ədəbiyyatımızda Sabirin Azərbaycanın qüzeyində və güneyində, eləcə də bütöv Türk Dünyasında çoxlu davamçıları var ki, biz bunu da tamamilə təbii sayırıq. Sabir bu gün də yazır, gəzir, görür, danışır, mücadilə aparır. Bəzən avam sözündən, bəzən də dünya hökmlüsündən yaralar da alır.

Neyləsin… Dünya belə gəlib, belə də gedəcək. Və dünya qan yaddaşında o zorbaları, ehkamçıları, hökm verənləri saxlamayacaq. Yadda elə Sabir qalacaq. Çünki yalan dünyanın gerçək dostlarından biri də Sabirdir. Bizim Sabir…

Musavat.com
image description image description image description