Ələsgər Məmmədli: “Onlar müqavilələri öz mənafelərinə uyğun şəkildə hazırlayır” Ələsgər Məmmədli: “Onlar müqavilələri öz mənafelərinə uyğun şəkildə hazırlayır”

Sığorta şirkətləri vətəndaşları aldatmaqla məşğuldur - ARAŞDIRMA

Ələsgər Məmmədli: “Onlar müqavilələri öz mənafelərinə uyğun şəkildə hazırlayır”



"Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" şüarlı reklamlarla tez-tez qarşılaşırıq. Bu reklamlar bizi mülkiyyətinizi sığortalamağa çağırır. Ancaq hər hansı bir qəza baş verdikdə və mülkiyyətimizə maddi ziyan dəydikdə sığortalı həyatın heç də qəzaya hazırlıqlı həyat olmadığını görürük. Bu neqativ halla, yəni sığorta şirkətlərinin öhdəliklərini yerinə yetirmədiyi faktlarına daha çox avtomobil sığortalarında rast gəlirik.

Sığorta şirkətləri sığortanı ödəməkdən boyun qaçırır

Elə sığorta şirkətlərinin birinin əməkdaşı Nuranə Əliyeva (ad şərtidir) da bunu təsdiqləyir. Onun verdiyi məlumata görə, bir çox hallarda müştərilər sığorta şirkətindən narazı qalırlar: "Çox vaxt şirkət bağlanmış müqaviləyə əsasən, maşına və ya şəxsin özünə dəyən ziyanının müqabilində heç bir dəyər ödəmir. Bu zaman da vətəndaşlar şikayətçi olurlar. Son variant kimi məhkəməyə müraciət olduqdan sonra isə şirkət dəymiş zərəri ödəmək məcburiyyətində qalır. Əks halda boyunlarından atırlar, müxtəlif bəhanələr gətirirlər ki, heç bir məbləğ ödəməsinlər".

Qeyd edək ki, müəyyən sığorta şirkətləri təbii fəlakətlər, yol-nəqliyyat hadisələri, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq, yanğın, partlayış, ildırım vurması və bunlarla məhdudlaşmayan digər hallar nəticəsində zərər dəymiş sığortalı avtomobilin dəyərini ya da təmir xərclərini qarşılamağı öhdəsinə götürəcəyini elan edir. Ancaq bu, sadəcə "müştəri yığmaq" variantı olur və ya şərtlər ancaq müqavilədə qalır. Yaxud da vətəndaşlar müqavilənin şərtləri ilə tanış olmadan razılığa gəlir və sonra da qalırlar naəlac.

Bəs icbari sığorta hansı riskləri əhatə edir?

İcbari sığorta bürosundan verilən məlumata görə, icbari sığorta avtomobilin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin, fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Yəni bu sığorta növü avtomobilin qanuni əsaslarla istismar edən şəxslərin səhvi nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsini nəzərdə tutur.

Ancaq bütün hallarda vətəndaşları narahat edən məsələlər və hüquqi problemlər ortaya çıxır. Bəs bu problemlərin yaranma səbəbləri hansılardır?
Sığorta Kommersiya Şirkətinin əməkdaşı Sədrəddin bəy (Soyadını demək istəmədi. O, soyadını demək üçün hökmən şirkət rəhbərliyinə məlumat verməli olduğunu bildirdi) hansı hallarda avtomobilə dəyən ziyanın ödənilmədiyindən danışdı: "Elə şey ola bilməz ki, sürücü hər hansı yol nəqliyyat hadisəsi törətsin, amma onun sığortası ödənilməsin. Bu, sürücülərin öz günahı ucbatından ola bilər.

Belə ki, əgər sürücü sərxoşdursa, bu zaman avtomobilə dəyən zərər ödənilmir. Həmçinin, əgər avtomobil onu idarə edən şəxsə aid deyilsə və qəza törədibsə, bu zaman da sığorta şirkəti dəymiş zərəri qarşılamır". Həmsöhbətimizin sözlərinə görə, sığorta şirkəti ilə müqaviləsi olan hər bir avtomobil sahibinə dəymiş zərər müqabilində sığorta ödənilir. Ancaq bunun da müəyyən məqamları var: "Sığortanın da növləri var. İcbari sığortaya əsasən, vətəndaş qəza törədirsə, qarşı tərəfin sağlamlığına dəymiş ziyan 5000 manat dəyərindədirsə, ödənilir. Bu rəqəmdən yuxarı olduqda isə qalan hissəsini qəza törətmiş vətəndaş özü ödəyir. Könüllü sığortanın isə öz şərtləri var, bu da razılaşmaya əsasən olur".

"Müştərilərin şikayətinin heç bir əsası yoxdur"

"Atasığorta" ASC-nin hüquq şöbəsinin əməkdaşı Xətai İsmayılov isə müştəri ilə sığorta şirkətləri arasındakı anlaşılmazlıq və narazılığın əsassız olduğunu bildirdi: "Avtomobillərin icbari sığortası qanunvericiliklə tənzimlənir. Kaska sığortanın qaydaları isə şəhadətnamə ilə birlikdə müştəriyə təqdim olunur. O da imzasıyla bunu təsdiq edir. Sonradan müştərinin hər hansı bir narazılığının əsası yoxdur, çünki təklif olunan şərtləri özü qəbul edir".

Ancaq hüquqşünas bildirir ki, avtomobilə dəyən maddi ziyanın ödənilməsi onu kimin tərəfindən idarə etməsindən asılı deyil: "Əslində bu, müştərinin seçimindən asılıdır. Vətəndaş ərizəsilə müraciət edir və sığorta müqaviləsini imzalayarkən də müəyyən şərtlər olur. Məsələn, tək özü qəza törətdiyi halda ödənilən sığortaya razı ola bilər və ya bu sıraya bir neçə şəxsin də adını əlavə edə bilər".

"Vətəndaşlar imzaladıqları müqavilədən xəbərsizdirlər"

Hüquqşünas Ələsgər Məmmədli də hesab edir ki, əslində problemin yaranma səbəbləri qəzadan sonra deyil, müqavilə imzalanan zamandan başlayır. Əsasən də vətəndaşların məlumatsızlığı və müqavilə qaydalarından və şərtlərindən xəbərdar olmamalarıdır: "İkitərəfli müqavilələrdə vətəndaşlar gərək, bağladıqları müqavilənin şərtləri ilə yaxşı tanış olsunlar. Əsasən sığorta şirkətləri müştərilərinə öz mənafelərinə uyğun şəkildə müqavilə hazırlayıb təqdim edirlər. Müştərilər də bir çox hallarda onu incələmədən, olduğu kimi qəbul edirlər. Sonradan da hər hansı bir problemlə qarşılaşdıqda, sığorta şirkəti öz öhdəliyini yerinə yetirmir kimi görünür. Ancaq əslində sığorta şirkəti vaxtilə həmin hazırladığı müqavilədə o şərtlərdən yayınma imkanlarını da qoyurlar".

Hüquqşünasın sözlərinə görə, bu halda artıq müştərinin heç bir yolu olmur və sığorta şirkətinə qarşı iddiasını heç bir formada irəli sürə bilmir. Bundan əlavə, bir çox hallarda sığorta şirkəti müqavilə bağlayan şəxsin yox, qəza zamanı zərər görmüş üçüncü şəxsə dəymiş zərərin qarşılanmasından söhbət gedir. Həmin şəxsə dəymiş zərərin ödənilməsindən yox. Azərbaycanda bu gün geniş tətbiq olunan məcburi sığorta məhz üçüncü şəxsə dəyən zərərin ödənilməsi üçündür. Yəni mənim maşının sığortalıdı, ancaq mən gedib kiminsə maşınını vursam, sığorta şirkəti artıq mənim maşınımı yox, qarşı tərəfin maşınını düzəltdirir".

Onun sözlərinə əsasən, bu aspektdən bəzi şəxslər sığortanın mahiyyətini bilmədən şirkətlərin öhdəlik yetirmədiyini deyirlər: "Bəziləri isə faktiki olaraq sığorta şirkətlərinin özlərinin müəyyənləşmiş bir məbləği olur ki, ancaq o məbləğdən sonrakı dəyəri ödəməyi boynuna götürür. Məsələn, göstərilir ki, 200-300 manat həcmində dəymiş ziyanı və ya 10 min manat zərərin müəyyən hissəsi ödənəcək. Belə hallarda tərəflər bir-birindən narazı qalır, amma əslində mahiyyətcə yanlışlıq və problem başlanğıcdan doğur".

Sığortaya dair müqavilənin şərtləri pozularsa…

Hüquqşünas qeyd edir ki, bütün hallarda müqavilə pozulubsa, istənilən şəxs məhkəməyə müraciət edə bilər: "Yəni şirkəti mülki proses çərçivəsində məhkəməyə cəlb edə və məhkəmədə öz hüquqlarının bərpasını tələb edə bilər. Müqavilə öhdəlikləri baxımından hər iki tərəf məhkəməyə müraciət etmək imkanı var".

Bəs icbari sığortanın şərtləri nə dərəcədə düzgündür və nəyə əsaslanır?

Müsahibimiz bildirir ki, bu sığorta üçüncü şəxsin hüquqlarının qorunmasına xidmət edir: "Məcburi o zamandır ki, vətəndaş bir başqasına zərər vurub qaçır. Qanun da digər şəxsin hüququnu qorumaq üçün məcburi sığortanı ortaya qoyub. Ancaq şəxs öz mülkiyyətini qorumaq üçün öncədən sığorta edirsə, bu məcburi yox, könüllüdür. Vətəndaş öz avtomobilini istədiyi kimi sığorta etdirə bilər. Buna görə sığorta şirkəti vətəndaşın məhz öz avtomobilini sığorta edibsə, onda ona dəyən ziyanı ödəyəcək. Məcburi isə odur ki, siz istəmədən və ya istəyərək üçüncü şəxsə ziyan vurubsunuzsa, deyirsiz ki, mənim pulum yoxdur, bu zaman üçüncü şəxs ziyan görəcək. Ona görə də, dövlət üçüncü şəxsə dəyəcək ziyanı əvvəlcədən ödətməyə məcbur edir ki, sığorta şirkəti də həmin vətəndaşları bu ziyandan qorusun".

Özünüzü sığortadan da sığortalayın

Qeyd edək ki, icbari sığorta avtomobillərin gücünə, motoruna görə 50 manatdan başlayıb, 200 manata kimi yüksələ bilər. Bu ilkin ödəmədir ki, buna sığorta haqqı deyilir. Avtomobillər hökmən bu şəkildə sığortalanmalıdır, yoxsa mütəmadi şəkildə yoxlama aparılır. Yol polisi işçiləri sığortalanmamış avtomobil sürücüləri haqqında inzibati protokol tərtib edirlər.

Beləliklə, sığortalı həyatın həqiqətən də qəzaya hazırlıqlı həyat olmasını "sığortalamaq" özünüzdən asılıdır. İlk növbədə, qəza törətməyin, çünki bu halda avtomobilinizə dəyən ziyanın ödənib-ödənməyəcəyinə heç kim tam zəmanət vermir. Eyni zamanda, sığortaya dair müqavilə bağlayarkən nəyə imza atdığınızdan xəbəriniz olsun. Çünki o sənəddə sizi heç də sığorta yox, sadəcə baş aldadan şərtlər gözləyə bilər.

Sevinc Fədai
AzNews.az