Ermənistanın Brüsseldə Hikmət Hacıyevlə görüşə Armen Qriqoryanı göndərməsi təsadüf deyil Ermənistanın Brüsseldə Hikmət Hacıyevlə görüşə Armen Qriqoryanı göndərməsi təsadüf deyil

İlham Əliyev Cənubi Qafqazı necə görür?- TƏHLİL

Ermənistanın Brüsseldə Hikmət Hacıyevlə görüşə Armen Qriqoryanı göndərməsi təsadüf deyil

Bu gün Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edib və hər zaman olduğu kimi, son dərəcə konseptual çıxış edib. Doğrusu, prezident Əliyevin nitqi cəlbedici başlıqlarla olduqca zəngindir. Bu zənginliklə yanaşı dövlət başçısının verdiyi mesajların sərrastlığı və açıqlığı da siyasi müşahidəçilər və icmalçılar üçün uzun müddət müzakirə aparmaq üçün geniş mövzu ehtiyyatı yaradır. Təfsilat geniş, istiqamətlər çox, faktlar və detallar bol olduğundan Azərbaycan prezidentinin mesajlarını bir yazıda ümumiləşdirmək mümkünsüzdür. Bununla belə, Əliyevin çıxışına elə iştirak etdiyi tədbirin adına və mövzusuna uyğun olaraq “Azərbaycan prezidenti Cənubi Qafqazı necə görür” sualından yanaşsaq, dövlət başçısının sözügedən tədbirdə bir viziya təqdim etdiyini əminliklə söyləyə bilərik.
Ukrayna-Rusiya savaşının yaxın zamanlarda səngiməyəcəyinə qənaət möhkəmləndikcə, İlham Əliyevin təqdim etdiyi viziyanı, əslində, Cənubi Qafqazın rasional inkişaf modeli adlandırmaq daha doğru olar. Cənubi Qafqazı bir bölgə olaraq münaqişə vəziyyətindən çıxardıb sülh və inteqrasiya məkanına çevirmək Azərbaycanın əsas hədəfidir. Ancaq bu hədəfə Azərbaycanın təkbaşına irəliləməsi də mümkün deyil. Gürcüstan və Ermənistan da bu məqsədə malik olmalıdır. 44 günlük savaşda Gürcüstanın Ermənistana Rusiyadan silah ötürülməsinə əngəl olması barədə prezidentin açıqladığı fakt göstərir ki, rəsmi Tiflis Bakının təklif etdiyi strateji modelə isti yanaşır. Ancaq ikinci Qarabağ savaşında dizi yerə gətirilmiş Ermənistan haqqında eyni sözü demək hələ də mümkün deyil.

Ermənistan bir tərəfdən Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni hərbi-siyasi reallığı qəbul etmək məcburiyyətindədir, digər tərəfdən isə, bu reallığın daimi sülh və inteqrasiya faktına çevrilməməsi üçün vaxt udmağa, revanşist xəyallar qurmağa, yenidən konflikti qızışdırmağa cəhd göstərir. Ən pisi isə budur ki, bu cəhdlər heç də Ermənistanın baş naziri Nikol Paşinyanın situativ davranışlarının doğurduğu ziddiyyətlər fonunda göründüyü kimi, spontan deyil, daha sistematikdir. Bu “sistem”i yaradan isə Ermənistanın müstəqil dövlət ola bilməməsi, siyasi rejimi Qərbin hakimiyyətə gətirdiyi adamlar olsa da, Rusiyanın for-postu olmaqdan çıxmağı bacarmamasıdır. Elə bu səbəbdən də Nikol Paşinyan Qafqazın gələcəyi ilə bağlı mütərrəqi prosesdən açıq şəkildə kənarda dura bilməsə də, praktiki olaraq sürəcə heç bir töhfə vermir. Ermənistan konkret mövqe ortaya qoymamaqla Azərbaycanı Rusiya ilə qarşı-qarşıya gətirmək istəyir.

İkinci Qarabağ savaşından sonra Ermənistanın manevr imkanlarını azaldan bir hadisə baş verib- ATƏT-in Minsk Qrupu sıradan çıxıb. Əgər diqqət etdinizsə, ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Brays Rokfeyl az qala bir həftə İrəvanda, ifadəmə görə üzr istıyirəm, külləndi, ancaq Azərbaycana keçə, rəsmi səviyyədə danışıqlar apara bilmədi. Rusiya və ABŞ isə öz nümayəndələrinə xüsusi status verməklə ATƏT-in Minsk Qrupunun sıradan çıxması faktı ilə gerçəklikdə razılaşdılar. ATƏT Minsk Qrupunun iflasından sonra Avropa İttifaqı Şurası Qərbin təmsilçisi kimi vasitəçi missiyası ilə meydana çıxdı. Ancaq burada çox əhəmiyyətli bir detal var: Azərbaycan Avropa İttifaqının vasitəçiliyini ona görə qəbul edir ki, onun missiyası ATƏT-dən fərqli olaraq, Qarabağ münaqişəsini (rəsmi Bakı üçün münaqişə bitib) nizamlamaq yox, Ermənistanla münasibətləri normallaşdırmaqdır. Azərbaycan və Ermənistan Avropa İttifaqının üzvü olmadığından və ən azından yaxın perspektiv üçün belə bir ehtimal şübhə doğurduğundan prezident Əliyevin Şarl Mişelin vasitəçiliyinə xüsusi əhəmiyyət verməsini Moskvaya ünvanlanmış ismarıc kimi qarşılamaq lazımdır: “Biz Rusiyanın maraqlarını başa düşürük, amma diqtəsini qəbul etmirik”.

Zənnimcə, Azərbaycan prezidentinin bu gün ADA-da keçirilən beynəlxalq konfransda İkinci Qarabağ savaşı günlərində Rusiyanın Ermənistanı silahla təchiz etməsini, üstəlik, işğalçı orduya hərbi yardımını İran, Qazaxıstan və Türkmənistan üzərindən göndərməsini açmasını da elə bu kontekstdə başa düşmək lazımdır. Azərbaycan Rusiyanı Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq öz mandatını tərəfsiz, dürüst və birmənalı şəkildə həyata keçirməyə çağırır. Dövlət başçısının Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olaraq bütün hüquqlarının qorunmasına təminat olduğunu bildirməsi, Azərbaycan və erməni icmalarının dinc birgəyaşayışdan savayı alternativinin olmamasını vurğulaması, nəhayət, ilk dəfə bu yöndə Xankəndidən “müsbət siqnallar” alındığını nəzərə çatdırması o anlama gəlir ki, rəsmi Bakı üçün reinteqrasiya prosesinin “alt yapısı” artıq hazırdır. İndi əsas məsələ Rusiya və İran kimi bölgədə marağı olan dövlətlərin bu prosesə mane olmaması, əksinə, “3+3” modelində əməkdaşlıq üçün yaranan imkanlardan bəhrələnməsidir. Ermənistan elə də heç kimdir, belə də. Bu model Ermənistana kimlik qazandırması baxımından İrəvan üçün də tarixi şansdır.

Prezident Əliyev mümkün qədər açıq danışaraq Azərbaycan və Ermənistan arasındakı sərhəd mübahisəsinin həllində yalnızca bir xəritənin əsas götürülməyəcəyini, hətta sovet dövründən qabaqkı sənədərin də nəzərə alınacağını söylədiyi bir gündə başqa iki mühüm xəbər də yayıldı. Birinci xəbərə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri- Ceyhun Bayramov və Ararat Mirzoyan telefonla danışaraq sülh müqaviləsi barədə müzakirələr aparıblar. Bu, Brüssel prosesinin davam etdiyini göstərir. Digər önəmli məlumat isə budur ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsselə yollanacaq və orada Ermənistan Təhlükəsizlik Şurasını katibi Armen Qriqoryanla görüşəcək.

Prezident Əliyevin öz köməkçisinə xüsusi inam bəslədiyi məlum olduğundan onun Brüsselə mühüm tapşırıqlarla getdiyi şübhə doğurmur. Qarşı tərəfin nümayəndəsinin rəsmi vəzifəsi gözlənilən danışıqların həm də konfidensiallığından xəbər verir. Başqa bir diqqət çəkən nüans budur ki, 1983-cü ildə Azərbaycan ərazisində- keçmiş Martuni rayonunda anadan olmuş Armen Qriqoryan “Qarabağ klanı”nın nümayəndəsi olsa da, Serj Sarkisyana qarşı xüsusi antipatiya bəsləyən fiqurdur. 2013-cü ildə Ermənistandakı prezident seçkilərində heç 10 min səs toplaya bilməyən Andrias Qukasyanın seçki qərargahına rəhbərlik etmiş Armen vətəndaş cəmiyyətinin nümayəndəsidir və rəngli inqilabın fəal iştirakçısıdır. Hikmət Hacıyevdən 4 yaş kiçik olan Qriqoryanı Nikol Paşinyan 4 ildir ki Ermənistan Təhlükəsizlik Şurasını katib gətirib. İndi məhz onun Brüsselə Hikmət Hacıyevlə danışıqlara göndərilməsi göstərir ki, Ermənistan da Azərbaycan prezidentinin Qarabağ ermənilərindən aldığı “müsbət siqnalların” fərqindədir. Çox güman ki, Hikmət Hacıyev Azərbaycan prezidentinin adından İrəvandan həm də reinteqrasiya prosesinə mane olmağa çalışanların təsirsiz hala gətirilməsini tələb edəcək.

Taleh ŞAHSUVARLI