Bu il Azərbaycanda dollar bahalaşacaqmı? - Maliyyə nazirliyinin açıqlaması

2026-cı ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi - manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,7 manat səviyyəsində qalması dəstəklənəcək.

Bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, 2026-cı ildə ÜDM real ifadədə 2,9 faiz artaraq 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM real ifadədə 5 faiz artaraq 101,7 milyard manat təşkil edəcək.

ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 75,8 faizə çatacağı gözlənilir.

Proqnozlara əsasən, 2026-cı ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 2,4 faiz azalacaq.

Bu il “Azərilayt” markalı xam neftin qiyməti 1 barel üçün 65 ABŞ dolları qəbul edilib.

Ortamüddətli dövrün sonuna ÜDM-in həcmi 161,8 milyard manatadək, onun qeyri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 80 faizədək yüksələcək.

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4,8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4,3 faiz səviyyəsində proqnozlaşdırılıb.

AzNews.az