- Köhnə - Mədəniyyət
- 17 Aprel 2015 16:51
- 4 818
Yeraltı Bakıdan reportaj - Bənövşəyi çalarlı fransız qatarları...
Xəbər verildiyi kimi, “Bakı Metropoliteni” QSC Bakıya yeni qatarlar gətirib. Hətta, dünən ölkə başçısı İlham Əliyev də “Nəriman Nərimanov” adına elektrik deposuna gedərək yeni gətirilən qatarlarda yaradılan şəraitlə maraqlanıb.
Bildirilib ki, Fransanın "Alstom" şirkəti ilə ötən il bağlanan memoranduma görə "Bakı Metropoliteni" 5 vaqondan ibarət üç qatar alacaq. Artıq o qatarlardan ikisi paytaxta gətirilib.
Lent.az saytının müxbiri Bakının yeraltı dünyasına baş vuraraq reportaj hazırlayıb.
AZNEWS.AZ həmin reportajı sizə təqdim edir.
"Metroda da deyildiyi kimi, əziz bakılılar və şəhərimizin qonaqları, gözünüz aydın, axır ki, 3 rejimdə çalışan klima sistem quraşdırılmış qatarlar paytaxtımıza gəlib çıxdı. Qatarlardan biri yolda olsa da, ikisi artıq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin deposundadır. Sonuncusu da uzaqda deyil, Bakıya yaxınlaşır. Bu günə, sabaha gəlib çıxar. Gələnlə işimiz yox. İşimiz hazırda depoda olan iki yeni qatarladı.
Depodayıq. Təzəli-köhnəli onlarla qatar yan-yana düzülüb. Lakin iki qatar var ki, göz oxşayır. Bənövşəyi çalarlı rəngiylə. Bunlar həmin o sözügedən yeni qatarlardı. Hələ ki, xəttə buraxılmadığından siftəni biz jurnalistlər edirik.
Deməli, hər biri 5 vaqondan ibarət 3 qatar ötən il avqustun 21-də Fransanın "Alstom" şirkəti ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti arasında müqaviləyə əsasən hazırlanıb. Hələlik Həzi Aslanov- İçərişəhər xətti üzrə işləyəcək vaqonlarda soyutma, havalandırma və isitmə sistemi olacaq. Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessorlar əsasında həyata keçilir. Bəs görəsən 4-cü nəslə mənsub olan bu qatarın əvvəlkilərdən üstünlüyü nədədir?
Əvvəlki qatarlardan fərqli, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Üstəlik də mühərriklərinin gücü 114 kwt-dən 170 kwt-a qədər qaldırılıb. Yeni qatarların çəkilərində də fərq var. Əgər köhnə vaqonlarda bu göstərici baş vaqon 38 ton, aralıq vaqonlar 36 ton idisə, yenilərdə baş vaqonun çəkisi 34, aralıqlarınkı isə cəmisi 29 tondur. Həm də yeni nəsil vaqonların banı da paslanmayandır. Bu da qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı yaradır.
Vaqonların içi də əvvəlkilərdən fərqlidir. Salonda "hərəkətli sətir" sistemi və təhlükəsizliyi təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.
Sərnişinlərə ən maraqlı olan məqamı açıqlayırıq. Təzə vaqonlarda siz daha rahat olacaqsınız. Çünki bu vaqonlarda sərnişintutma qabiliyyəti də çoxdur. Köhnələr cəmisi 308 sərnişin tutduğu halda, yenilərdə bu göstərici 330-dur.
Yeniliklərdən biri də metropolitenin tarixində analoqu olmayan diaqnostika kompleksinin quraşdırılmasıdır. Nədir bu diaqnostika?
Qısa bir vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulmasına xidmət edəcək qurğudur. Kənardan adi görünən bu vaqonun içi müasir aparatlarla təchiz olunub. Buradakı serverlər və fasiləsiz cərəyan təminatı ABŞ, lazer optik sistemləri Almaniya, cərəyan çevriciləri Ukrayna, işçi kompüter avadanlıqları Koreya və Çin və GPS-koordinasiya qurğuları Fransa istehsalıdır. Bu diaqnostik kompleks vasitəsi ilə qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyinin və sərnişindaşımanın komfortunu təmin etmək olacaq. Vaqonlar ayda bir, ya iki dəfə, lazım olduqda hər gün diaqnostika üçün xəttə buraxılacaq. Əsasən həftənin şənbə-bazar günlərində. Bununla da metropolitendə risk ehtimalı 50 faizə çatacaq. Vaqonun hazırlanmasına 6 ay sərf edilib. Qurğuların vaqonda cəmləşməsində Rusiya ilə yanaşı yerli mütəxəssislərin zəhməti var. Rusiyalı mütəxəssislər Bakıya dəvət olunaraq ortaq iş görüblər.
"Yeni vaqonun vasitəsiylə istənilən vaxt, istənilən problemi operativ təyin edə və əmələ gəlmiş bütün nasazlıqları bir saatın içində aradan qaldırmaq olacaq".
Bunu metropolitenin Diaqnostika və Metroloji Təminat Mərkəzinin rəisi Ebuzər Arslanbekov deyir. Onun sözlərinə görə, köhnə diaqnostik vaqonu yarım ilə metronun bütün xətlərini keçirmiş: "Artıq yeni diaqnostik vaqonun köməkliyi bu vaxt minimuma endirilib. Köhnə vaqonlar saatda 50 km sürətlə getsə də, yenilər saatda 80-lə gedir. Yeni diaqnostik cihazlar sürətli axtarış sistemi ilə işləyir. Məqsədimiz sərnişinlə ən gözəl xidmət göstərməkdir. Yaxın gələcəkdə vaqonların hərəkət zamanı titrəyişləri, səs-küyü aradan qaldırılacaq".
Kompleksin əsas 10 vəzifəsi var. Bunlar tuneldə yolların 5 parametri üzrə vəziyyətini və 3 növ əndazə yaxınlaşmalarına nəzarət etmək, qatarların avtomatik sürət tənzimlənməsinə nəzarət sisteminin kod və siqnallarına nəzarət, rels dövrlərində cərəyan asimmetriyasının təyin edilməsi və nəzarət, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğuların teplovizyon nəzarətinin aparılması, qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fiziki amillərin qeydiyyat və analizi, qüsurların avtomatik qeydiyyatı və qabaqcadan proqnozlaşdırması, göstərilən bütün əməliyyatlar xətti video şəklində qeydə alınır. Bundan başqa ötən keçidlərlə müqayisə edilir və foto hesabat şəklində təqdim edilir. Həmçinin, təmas relslərinin təmas səthində temperatur, həndəsə parametrləri plan və profildə qeydə alınır və nəzarətdə saxlanılır. Və bütün əməliyyatlar lazerlər vasitəsilə təmassız aparılır.
"Bakı Metropoliteni" QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyir ki, yeni qatarlar yaxın günlərdə Bakı sakinlərinin istifadəsinə veriləcək. Bizə qalan isə sadəcə gözləməkdir".