Əkrəm Əylisliyə məktub



Zahid Oruc

"Drujba Narodov" bir sovet ixtirası idi. Beynəlmiləl və vahid bir millət yaratmaq üçün ədəbiyyatda cəbhə açmışdılar. Onlar imperalizmlə döyüşsələr də, hər halda SSRİ də gedən hadisələrə də təsir göstərə bilirdilər. Çünki Stalindən bu yana yazıçılar kütləni idarə etməyin

mühüm dövlət silahlarından biri idi.

Əkrəm Əylisliinin yuxuları ilə tanış olanda əvvəlcə mənə elə gəldi ki, totalitar quruluş hələ dağılmayıb, dostluq, humanizm və qardaşlıq havaları altında növbəti xalq qurultaylarına hazırlaşırıq. Ona görə tam əminəm ki, yazıçı bu əsəri qovğa çıxardığı 1988-ci ildə yazıb və ya eyni yuxuları təhtəlşüurunda elə daşıyıb ki, ayıq vaxtı ilə yuxuları arasında dəqiq sərhədi itirib. Ona görə burda tarix çox şərti məna daşıyır. Əkrəm Əylisli illərlə içində yaşadıqlarını 1989 cu ildə və 2006-da qələmə almaqla özüylə döyüşü uduzduğunu ortaya qoyub. O, şeytana məğub olub.


Əsərdə elə bir müqəddəslik qalmayıb ki, ona daş atılmasın. Aydın görünür ki, yazıçı ictimai psixoz saydığı milli mühitə ardıcıl və fasiləsiz nifrəti bətnində uzun müddətə qoruyub saxlaya bilib. Lakin indi bütün bunlara xalq qəzəbindən sonra və ruhuna çökmüş dəm qazının çıxması ilə O qorxub. Dəhşətli bir vahiməni ANS də nümayiş etdirərkən düşündüm ki, onunla savaş bu milləti ikiqat məğub edəcək. Çünki burada qalidiyyət yoxdur. Əsərin min illərlə erməni milli ideallarına xidmət etməsini dayandırmaq mümkün olmayacaq. Yuxu da olsa, daşa yazılmış abidəyə çevildiyinə görə hər zaman tirajlandırlacaq, erməni mifini, nağıllarını və dərsliklərini bəzəyəcək, Azərbaycan əleyhinə ideya –siyasi savaşın əsas tutarqasına dönəcək. Ermənilər bunu yüzillərdi ki, gözləyirdilər.


Ədəbi priyom, obrazların dili və patetika haqda çoxlu mürəkkəb quruluşları bir kənara qoyaq. O, Nardaranda dediyi sağlıqla Allaha küfr yağdırır və müsəlmanlığa baxışını ifadə edir. "Sünnət olmuş erməni" ruhu burada Ona hökm edir və dinini dəyişmək istəyən Saday Sadıqlı göstərməyə çalışır ki, o azərbaycanlı olmaqdan usanıb, xəcalət çəkir.


Elə burada qeyd edək ki, milli kimliyi müəyyənləşdirməyə dair on illərlə davam edən şəcərə və ari irq olmaqdan hamını azad etmək üçün qərara gəlmişdim ki, belə bir düsturu cəmiyyətlə bölüşüm: KİM RUHUNDA ÖZÜNÜ HANSI MİLLƏTDƏN HİSS EDİRSƏ, O ELƏ HƏMİN MİLLƏTƏ MƏXSUSDUR.


Əsərin başqa bir qəhrəmanı Uluruh Turantürk-Xəlil Rza Ulutürkün həyat obrazı ilə uyğunlaşdırlıraq əvvəlcə Leninə şeirlər deyəndən sonra xalq hərakatının önünə çıxır və kütləni erməni kilsəsini yandırmağa səfərbər edir. Lakin hansısa bir mistik qüvvə yanğını dayandırır və ərsiz qadınları qəzəbləndirir.


Babaxan Ziyadxanovun prototipi də yəqin ki, Ziya Bünyadovdur. O, "Kommunist" qəzetində dərc etdiyi məqalə ilə erməniləri "dönük və xəyanətkar" adlandırmaqla millətə düşmən hədəfini göstəriyi üçün suçlandırılır.


Əbülfəz Elçibəyin "Böyük Bəy" adı ilə təqdimatında onun çayxanalardan keçib gələn liderliyi məsxərə obyektinə çevrilir və silah işinə baxan şəxs kimi vətəndaşların təhlükəsizliyini onlara pistolet verməkdə gördüyü iddia olunur.


İsa Muğannanın Odər elmi və şumerlikdən Az-Ya- ya qədər türk toponimlərinə elə bir rixşənd edilir ki, sanki yer üzündə köçərilik təkcə bizlərin taleyinə yazılıbmış. Zori Balayandakı tezislərlə hədsiz oxşarlıqları sezməmək mümkün deyildir.


Miskin və bit-birəli azərbaycanlının başını yuyan erməni qadının rəhmdilliyi elə qabardılır ki, sanki millətin sanitar təmizliyi onlara tapşırılıbmış. Yəqin azərbaycanlıların kirli mentallığına malik olması barədə səfsəfə Moskvada qafqazlılara yanaşmaya dair Əkrəm bəyin yaddaşında qərarlaşmış təhqirlərdən qaynaqlanıb.


Əylisin türklərin əli ilə dağıdılmış kilsələri haqda erməni Akademiyasında saxlanan əlyazmanın Zəkəriyyə Aqulinskindən gətirdiyi sitatlarla döğma kəndində ermənilərin tarixindən və Allaha dərin bağlılıqlarından bəhs edərkən, oradakı suya, bulağa və ibadət yerlərinə Məkkə və Mədinə kimi yanaşan ermənilərdən söhbət açılır. Bu da yeni bir bənzətmədir. Xaçların sitayiş ünvanı Naxçıvana ərazi iddiasının baş sənədini burdan götürmək olar.


Nəhayət, erməni qırğınları və "yeraz" kütləsinin məsuliyyəti hökmünü əsərin bütün süjet xəttində saxlamaqla başlayan bütün məhrumiyyətlərin günahına qurbanlıq təqdim olunur. Budur qısaca xülasə.


Yazıçının mənsub oluğu xalqla döyüşməsi yeni hadisə deyil. Nazim Hikmətin, yaxud Tolstoyun Hacı Muradla gördüyü işin tale oxşarı olmağa hər kəsə iddia edə bilər. Lakin özünü İsa peyğəmbər kimi çarmıxda görmək tamam ayrı fəlsəfədir. İndən sonra hansısa bir dəliqanlının çıxıb sizə xətər yetirməsi, "Şöhrət" ordenindən və xalq yazıçılığından məhrumiyyət, yaxud tam əks işarə ilə dövləti böyüklük nümayiş etdirib erməni xalq yazıçılığı adının tanınması da bir faktı dəyişməyəcək: bu əsər Azərbaycanın ən qara səhifəsidir. Onu lənətləyən və müdafiə edənlərdən asılı olmayaraq ictimai ruhu bu qədər zəhərləyən, milli idealları aşağılayan və erməni obrazını bir azərbaycanlı yazar imzası ilə mələkləşdirən ikinci bir ədəbi nümunə hələ ki, yoxdur.


Jurnal haqlı olaraq xalqaların diffuziyasından söhbət açır və qanların qarışmasına çağırır. Əkrəm Əylisli əsərində dostluq və sülh qannını deyil, ədavət qanını qarışdırır. Öz xalqı ilə.


Əsər üzərindən ona və kimlərəsə erməni işğalının hər səhifəsini xatırlatmağa bir ehtiyac yoxdur. Lakin ən humanist yazıçı belə yaradıcılıq azadlıqlarından bəhs edərkən bir faktı unutmamalıdır: balkondan atılmalar və ya su quyusuna gömmələr müharibə idi. Səngərdə silahla gedən savaşın və yüzminlərlə qovulmuş, məhv edilmiş azərbaycanlının Bakıda döyüşü idi. Ona görə bunlar sizi çaşdırmasın. Və müharibəni "yerazlar" başlamayıb. Dünyanın ayrı bir həqiqətlərlə yaşadığı dönəmdə bu millətin üstünə günah və ləkə atmayın. Bəli, onlar sizdən fərqli yuxular görürlər. Hər gün Xocalıda evlərini, Şuşada bulaqlarını, İrəvanda uşaqlığını görənlər var. Onlar səhərlər oyanıb təzədən ölürlər. Yuxu onların özləri olduqları və yaşadıqları yeganə mövcudluq formasıdır. Bunları siz əsərlərinizin obrazı etməyə borclu olmasanız da bilməlisiniz.


Dünən ANS də sizi xeyli həyacanlı görərkən "Gilənar ağacına söylədiklərim"i oxuyan nəslin necə sarsıldığını bilsəydiniz, pis olmazdı. Şəcərinizi, Kərbəlaya getmiş nənənizi bu millətə mənsub olduğunu göstərmək üçün dəlil gətirən 75 yaşlı bir yazıçının insanlar qarşısında mənəvi mühakiməsi qibtə olunmayacaq mənzərəydi. Onun ən böyük acısı bu sözlərdə idi: "Məni ermənilərə verməyin". Deməli, dəm qazı təkcə sobalarda olmurmuş. Şüşədən çıxan cin sizi ağır bir duruma qoyub. Heç kəs buna sevinmir. İçinizdən çıxan vəhşətlə baş-başa qalıb indi hamını anlamazlıqda günahlandırmağa da bir gərək yox. Yazıçı ömrünün qürub çağına gedərkən və ölüm mələyi gələndə milyonlarla insanı tabutunun altından qovursa, bu taleyi O, özü seçir.


Məncə, burda bir qanunauyğunluq da var. "Birinci Şəxs və Xozeyin" dediyiniz adamın bütün həyatınıza, qazandıqlarınıza və bəhrələrinizə dönük olub sonradan Markesə çevrilmək şakərinizə Allahın bir cəzasıdır. Bu yalnız Azərbaycanda görünüb ki, adamlar qələm qabiliyyətinə görə Heydər Əliyevin bütün qayğısını nəvə-nəticələrinə qədər yaşayıb da sonda Mənsur Həllacın taleyinə dönmək istəyirlər. Fenomenal xəstəlikdir. Ona görə sizdən danışanları "gədə-güdə" adlandırıb əsərinizin İblis mahiyyətini bir az da artırmayın. Qələm adamı xalqla belə danışmaz.


"Bunu hakimiyyət təşkil edir" deyərkən hər kəs içindəki Allahı bir görsün. Məgər adamlar özləri kor və anlamazdır? Böyük intellektuallar yetirmiş bir xalqı təhqir edib sonra linç olunmalardan xilas olmaq üçün ən bəsit arqument siyasi avantüraya əl atmaqdır. Əmin olun, insanların sükutu ən böyük repressiya olacaqdır. Lakin sizinlə savaşmağın heç bir səmərəsi yoxdur. Bu hamıya məğlubiyyət gətirən bir mübarizədir. Siz qələmnizi süngüyə çevirdiniz, lakin kimə qarşı?


Nə yaxşı ki, mənə söylədiklərinizin bir çoxu burda əksini tapmayıb. Onları heç zaman açmayacam. Bilirsiniz niyə? Əli əleyhissəllam yıxıb başını kəsmək istədiyi adam onun üzünə tüpürərkən böyük imamımız qərarından daşınır. Nifrət qalib gəlməsin deyə qurbanını əfv edir.


Bu xalq sizə rəhm etməlidir. Çünki Əkrəmsiz yaşamaq olar, lakin Əylissiz yox!