Hakim partiya il ərzində ciddi siyasi yarışlara qatıla bilər Hakim partiya il ərzində ciddi siyasi yarışlara qatıla bilər

YAP qurultayının şifrələri - Taleh Şahsuvarlı şərh edir

Hakim partiya il ərzində ciddi siyasi yarışlara qatıla bilər

Yeni Azərbaycan Partiyasının növbəti qurultayı dünən günorta saatlarında başa çatdı.

Bu qurultayın keçiriləcəyi cəmiyyət, siyasi çevrələr, elə hakimiyyət partiyasının bir çox nümayəndələri üçün də “qəfil” olmuşdu.

COVİD 19 pandemiyası tərəfindən təmtəraqlı tədbirlər keçirmək, gövdə göstərmək, siyasi atəşfəşanlıq etmək mümkün deyil.

Lakin o da diqqətdən qaçmadı ki, qurultay nümayəndələri bir araya gəldilər, yəni ali tədbir tamamilə yeni kommunikasiya texnologiyalarından istifadə olunmaqla keçirilmədi.

Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyeva isə videokonfrans formatında qurultayda iştirak etdilər.

YAP, belə dəmək olarsa, İŞÇİ qurultay keçirdi və həmkarım, “Yeni Müsavat” qəzetinin redaktoru və şərhçisi Nazim Sabiroğlunun obrazlı şəkildə dediyi kimi, təşkilat olaraq özünə “perezaqruska” verdi.

Qurultayda baş verənlər artıq mediaya və oxuculara məlumdur. Bu səbəbdən təffərrüatları geniş şəkildə təsvir etməyə ehtiyac yoxdur.

Kəsə desək, istər partiya, istər daxili siyasi arena, istərsə də hakim elita üçün çox önəmli mesajlar var.

1) YAP bəzi partiyaları özünə birləşdirdi. Prezident İlham Əliyev həmin təşkilatları “dost partiyalar” adlandırdı, “gücümüzə güc qatacaqlar” deyə təriflədi. Həmin partiyaların çəkisi önəmli deyil. Onsuz da ölkədə öz çəkisinə, gücünə görə YAP-la müqayisə olunacaq siyasi təşkilat mövcud deyil. Verilən mesaj odur ki, partiyanın qapıları açıqdır.

2) QHT sektorunda, mədəni mühitdə formalaşmış isimlərin bəzi isimlərin İdarə Heyətində yer alması, yeni nəsil tanınan və tanınmayan siyasətçilərin rəhbərliyə gətirilməsi daxili atmosferin zənginləşməsinə xidmət edəcək. Yeni İdarə Heyətinə düşən Şahin İsmayılov, Asif Əsgərov ictimai sektorda yetərincə tanınan isimlərdirlər, Bayram Aslanov Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olmaqla təşkilatın sıralarındakı “dib dalğa”nı təmsil edir.

Yeni İdarə Heyətində Ədalət Muradov, Anar İskəndərli kimi görkəmli alimlər, Elmar Qasımovun timsalında gənclik illərindən YAP-ın üzvü olan yeni nəsil ziyalılar var.

Hikmət Babaoğlu, Mübariz Qurbanlı, Bahar Muradova, Aynur Sofiyeva, Cavid Osmanov YAP-ın ümumi konfiqurasiyasını, Vasif Talıbov, Eldar İbrahimov qurucu seqmenti, Musa Urud, Rauf Əliyev, Rəşad Mahmudov partiya üçün sınaqlardan uğurla çıxmış fəal deputat korpusunu təmsil edir. Tahir Mirkişili, Vüqar İskəndərov (NTK üzvü seçilib), Elşad Mirbəşir kimi deputatları isə daha çox YAP-ın yeni simaları kimi təqdim etmək mümkündür. İdarə Heyətinə seçilən Ramin Məmmədovun partiyada mühüm görəvlər daşıyacağı bildirilir.

Göründüyü kimi, 40 nəfərlik İdarə Heyətində partiyanın bütün sosial sutrukturu nəzərə alınıb, hər kateqoriyadan olan funksionerlərə etimad göstərilib. Bu, hakim partiyanın monolitliyinin təmin olunması baxımından son dərəcə əhəmiyyatli konfiqurasiya deməkdir.

3) Siyasi Şura ləğv edildi, qarşılığında İdarə Heyəti genişləndirildi. Bu, partiyanın sturukturu baxımından daha çevik qərarlar çıxarılmasına yardım edəcək.

4) Veteranlar Şurası yaradıldı. Bu, YAP-ın qurucu yaş nəslinə ehtiram idi. Ömrünü bir təşkilata həsr eləmiş insanları bir andaca kəsib atmaq, “artıq qocalmısan, sən heç nəyə yaramırsan” deyib dışlamaq əvəzinə, onların təcrübəsindən, məsləhətlərindən istifadə etmək, əlbəttə, daha doğru yanaşmadır. Asğaqqalar Şurasının sədrliyinə Arif Rəhimzadə gətirildi. 90-cı illərin parlament debatlarında partiyanın qurucusu Heydər Əliyevi prinsipial şəkildə müdafiə edən bir isim olmaqla, hakim partiya üçün “qoca çinar”lardan sayılır.

5) Partiyada Birinci müavin postu təsis olundu və bu post ölkənin Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya həvalə olundu. Hakim partiya olaraq YAP özünü dövlət sisteminə uyğunlaşdırdı. Mehriban xanım Əliyeva Azərbaycan siyasi səhnəsində olduqca yüksək reytinqə malik, xalq tərəfindən böyük rəğbətlə qarşılanan dövlət adamıdır. İlham Əliyevdən sonra, müstəqil Azərbaycanla eyniləşən Heydər Əliyev ideoloji-siyasi platformasında üzə çıxan, öz siyasi dəsti-xəttinə görə, toparlayıcı, uzlaşdırıcı, davamlılıq vəd edən əsas siyasi xadimdir.

6) Tahir Budaqov Sədrin müavini və Mərkəzi Aparatın rəhbəri təyin olundu. Bu, həm partiyanın icra strukturunun yenilənməsi, həm də sədr müavini kimi saxlanılsa da, Əli Əhmədovun əvəzlənməsi deməkdir. Tahir Budaqov həkimdir, alimdir, icra başçısı, nazir müavini və nəhayət Statistika Komitəsinin sədri olub. Bütün bu məlumatlar onun partiyanın sədri tərəfindən kompеtent fiqur kimi nəzərdən keçirildiyini güman etməyə əsas verir. Bu seçim həm də partiyanın dayanıqlı elektoral seqmentlərindən birinə verilən mesaj idi.

7) Qurultay tarixinin erkənə alınması, nizamnamə dəyişikliyi, struktural islahatlar və vitrinin yenilənməsi onu göstərir ki, il ərzində YAP ciddi bir yarışa- böyük ehtimalla referendum- hazırlaşır.

Prezident, YAP sədri İlham Əliyevin qurultay nitqindən bir daha məlum olur ki, Azərbaycanda siyasi dialoq mühiti genişlənəcək. Bu proses Azərbaycanda yeni siyasi sitem formalaşmasını zəruri edir. Hakim partiya siyasi diskusiyyalarda gücün təmsilçisi kimi yox, hazırlıqlı və qəbulolunan tərəf kimi çıxış etməyi bacarmalıdır. Başqa sözlə bu o deməkdir ki, YAP Ulu Öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nüfuzunu xərcləyən deyil, möhkəmləndirən bir təşkilat kimi çıxış etməlidir.

Bəli, İlham Əliyev sadəcə YAP-ın sədri deyil, hər bir azərbaycanlının prezidentidir. Hakimiyyət partiyası İlham Əliyevin YAP-dan kənar dayanıqlı elektoratı, Azərbaycan prezidentini bir çox hallarda YAP-çılardan daha çox və səmərəli şəkildə dəstəkləyən rəsmi siyasi mənsubiyyəti olmayan ictimai-siyasi fuqurlarla işləməkdən çəkinməməlidir. Partiya öz kommunikasiya siyasətini kökündən dəyişməyi, cəmiyyətin dinamikasına, yeni çağırışlara uyğun qurmağı bacarmalıdır. Bunun üçün YAP-ın çox geniş və zəngin resursları var.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru