Türkiyənin xarici işlər naziri Feridun Siniroğlu Bakıdan sonra Soçiyə səfər edib. Türkiyənin xarici işlər naziri Feridun Siniroğlu Bakıdan sonra Soçiyə səfər edib.

​Sinirlioğlunun səfəri, Qarabağ düyününün çözümü, yeni siyasi vəziyyətə doğru - ŞƏRH

Türkiyənin xarici işlər naziri Feridun Siniroğlu Bakıdan sonra Soçiyə səfər edib.

Onun ilk səfərini Azərbaycana etməsi və mətbuat konfransında verdiyi bəyanatlar iki ölkə arasında təməl məsələlərin dəyişmədiyini göstərdi.

Türkiyə XİN başçısının Bakıda keçirdiyi müzakirələrin bir sıra məqamlarına nəzər salaq.
Azərbaycanla Avropa Parlamenti arasında yaranan mübahisədə rəsmi Ankaranın Bakını müdafiə etdiyi təsdiqini tapıb: "Azərbaycan bir sıra Qərb strukturlarının mövqeyindən asılı olmayaraq, öz yoluna davam edəcək. Azərbaycan Avropanın bir çox strukturlarında təmsil olunan Avropa ölkəsidir. Bir sıra Avropa strukturlarının mövqeyindən asılı olmayaraq, Azərbaycan öz yoluna davam edəcək".

O vurğulayıb ki, Ankara bundan sonra da bütün beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa arenasında Bakını fəal tərəfdaş kimi dəstəkləməkdə davam edəcək.

Heç şübhəsiz, Azərbaycanın Qərbdən, o cümlədən də Avropa İttifaqından əsasən işğal altında olan torpaqlarının azad edilməsinə ədalətli mövqe və əməl nümayiş etdirməsini istəyir.

Bu baxımdan türkiyəli nazir ölkəsinin məsələyə münasibətini açıq şəkildə bir daha bildirib: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı beynəlxalq hüququn açıq şəkildə pozulması və regional təhlükəsizliyə təhdiddir".

Azərbaycanla Türkiyə münasibətlərinin sarsılmazlığına toxunan diplomat vurğulayıb ki, Türkiyə Azərbaycan üçün yalnız dost deyil, həm də strateji tərəfdaşdır. O, ölkəsinin Azərbaycana çox böyük önəm verdiyini də bildirib.

Səfər zamanı iki ölkə arasında olan iqtisadi layihələrdən də danışılıb. Terrorçu PKK-nın Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərini partlatması təkcə Türkiyə və Azərbaycanın deyil, həm də bölgədən enerji daşıyıcılarının daşınmasında maraqlı olan dövlətlərə birbaşa zərbədir. Heç şübhəsiz, nazir bu məsələyə də diqqəti çəkib: "Türkiyə öz ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür".

Sadaladığımız məsələlər və terroçuluğa qarşı mübarizənin Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin xarici işlər naziri arasındakı görüşdə də müzakirə edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və iki ölkə arasında əlaqələrdən danışarkən bildirib ki, Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığı yaxşı nəticələr verir: "Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanında olacaq".

Bununla da Azərbaycanla Türkiyə bütün sahələrdə birgə addımlayacaqlarını bir daha bildiriblər.

Türkiyədə hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, Azərbaycana münasibətin dəyişməyəcəyi heç kimə sirr deyil.


Elə XİN başçısı F.Sinirlioğlunun səfəri zamanı bu bir daha təsdiqləndi. Bu, hər iki ölkənin ərazi bütövlüyünün qorunmasının, terrorçuluğa qarşı birgə mübarizəsinin, enerji layihələrinin həyata keçməsinin, Orta Şərqdəki proseslərə yanaşmanın və s. təsdiqlənməsi deməkdir.

F.Sinirlioğlunun Azərbaycana səfərini maraqlı edən və əhəmiyyətini artıran amillərdən biri də onun Bakıdan Soçiyə getməsi və orada rusiyalı həmkarı Sergey Lavrovla da görüşməsidir. Görüşdə müzakirə olunan məsələlər arasında Suriya və İraqdakı vəziyyət, terrorçuluğa qarşı mübarizə, ölkələrin ərazi bütövlüyünə qarşı olan təhdidlər, "Türk axını" qaz kəməri layihəsi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan sülh danışıqlarında yaranmış vəziyyət, Krımdakı tatarların taleyi, Qərblə gələcək münasibətlər, Rusiyaya qarşı tətbiq edilən və ediləcək sanksiyalara münasibət və başqalarının olduğu istisna edilmir.

Qeyd edək ki, F.Sinirlioğlunun sentyabrın 17-də S.Lavrovla görüşüb. Bu görüşdən əvvəl Rusiya Xarici İşlər Nazirliyi Qara dəniz və Türkiyə ərazisindən keçirilməsi planlaşdırılan "Türk Axını" layihəsinin iki ölkə münasibətlərinin prioritetləri arasında olduğu bildirilib.
Açıqlamada iki ölkə arasındakı ticarət həcminin böyüdülməsinin düşünüldüyü və Türkiyədən ərzaq idxalının artırılmasının planlaşdırıldığı qeyd olunub. Ancaq Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsi Ankara-Moskva dostluğunda problem yarada bilər. Çünki Türkiyə hökuməti son bir neçə ildə Rusiya prezidenti Vladimir Putinin çətin vəziyyətdə əlindən tutub. Elə buna görə də o, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı "o kişidir" deyə dəyərləndirmişdi.

F.Sinirlioğlu Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşündə "Ankara və Moskva arasında bir sıra məsələlərə dair fikir ayrılığı olmasına baxmayaraq, bütövlükdə Yaxın Şərq bölgəsinə yanaşmamız eynidir"- deməsi iki ölkənin adıçəkilən bölgə üzrə razılığa gəldikləri məqamların olduğundan xəbər verir.

O, həm Moskvaya, həm də Türkiyəni bölgədə zəif görənlərə də mesaj verib: "Türkiyə Yaxın Şərqdə sabitliyin təminatçısıdır".

F.Sinirlioğlunun Azərbaycana, ardınca Rusiyaya səfərindən belə ehtimal etmək olur ki, bölgədə ciddi dəyişikliklər baş verə bilər.

İndiki halda Azərbaycan üçün başlıca məsələ torpaqlarının işğaldan azad edilməsidir.

Bu yaxınlarda xarici KİV-də Rusiyanın Dağlıq Qarabağ siyasətinin dəyişə biləcəyi barədə məlumatlar yayılıb. Həmin məlumatlara əsasən, Azərbaycanın işğal altında olan bu ərazisinə Rusiya sülhməramlılarını göndərəcək.


Ona görə də bəzi analitiklər ehtimal edir ki, Qarabağda vəziyyət dəyişə bilər. Bu məsələnin həllinin indiki vəziyyətdə daha çox Moskvadan asılı olduğunu nəzərə alsaq, onda bu ehtimalın gerçəkləşəcəyi mümkün ola bilər.

Əgər sülhməramlılarla bağlı məsələ müzakirə olunub, gerçəkləşərsə, o zaman Qafqazda, Orta Şərqdə və Avropada siyasi tarazlıq dəyişər. Başqa sözlə, Azərbaycanın ərazisinin işğaldan azad olunması dünya siyasətinə yenidən baxış sərgiləyər.

Bir məsələni də burada vurğulamaq lazımdır. Həm Azərbaycanı, həm də Türkiyəni Rusiya ilə əməkdaşlığı sıxlaşdırmağa sövq edən, ABŞ və Avropanın hər iki dövlətə qeyri-səmimi, ədalətsiz münasibəti sayıla bilər.

Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə Qərb laqeyd yanaşmaqla yanaşı, işğalçıya yardım edir. Suriyada isə terrorçu PKK-nın bu ölkədəki təşkilatı PYD-ni (Demokratik Birlik Partiyası) İŞİD-ə qarşı mübarizə adı ilə silahlandırması Türkiyənin təbii narahatlığına səbəb olub.

Düzdür, Bəşşar Əsədə münasibətdə, Ukraynada baş verənlərdə rəsmi Ankara ilə Moskvanın baxışları üst-üstə düşmür. Bununla belə, regional təhlükəsizlik məsələsində tərəflərin anlaşması da istisna edilmir.

Rəsmi Bakı bu məsələnin ədalətli həllində yardımı Rusiyadan daha çox Qərbdən umurdu. Təəssüf ki, bu ümid özünü hələ də doğrultmur.

Türkiyə isə Suriya və İraqdakı hadisələrdə Qərbi dəstəkləsə də, terrorçu PKK və bu yöndən olan qruplaşmalara sərt cavabın verilməməsində tək qalıb.

Rusiyanın da məsələyə obyektiv yanaşacağı o qədər də ağılabatan görünmür. Çünki onun qoşunları 23 il öncə Azərbaycandan çıxarılıb və Dağlıq Qarabağa sülhməramlı adı ilə qoşun yeritməklə 1920-ci ildəki hadisələri təkrarlaya bilər. Bu baxımdan sülhməramlıların Qarabağa yerləşdirilməsini sürüşkən məsələ də saymaq olar.
Türkiyəli diplomatın Bakı və Soçi səfəri Azərbaycan-Türkiyə-Rusiya münasibətlərinin perspektivi ilə bağlı bəzi mülahizələrin irəli sürülməsinə, habelə bölgədə maraqları olan tərəflərə düşünməyə imkan verir.

Sədrəddin İsmayılov
Report.az