Azərbaycanda miqrasiya axınları: Sosial, iqtisadi və geosiyasi perspektivlər

Azərbaycanın demoqrafik mənzərəsi son illərdə diqqətəlayiq dəyişikliklərlə müşahidə olunur. Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, 2024-cü ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı (3016 nəfər) xaricə köçənlərin sayından (2298 nəfər) çox olub. Bu, Azərbaycanın miqrasiya balansında müsbət göstərici formalaşdırmaqla əhali artımına və əmək bazarının güclənməsinə mühüm töhfə verir.

Miqrasiya göstəricilərində gələnlərin sayının çoxalması, ilk növbədə, ölkənin iqtisadi sabitliyi və yeni iş imkanları ilə bağlıdır. Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, xarici mütəxəssislər və müxtəlif sahələr üzrə peşəkarlar üçün yeni imkanlar yaradıb. Bu, ölkəyə texniki biliklərin gətirilməsini və yerli əmək bazarının təcrübə baxımından zənginləşməsini təmin edir.

Eyni zamanda, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti, kənd təsərrüfatı, informasiya texnologiyaları, logistika və turizm sahələrində artan investisiyalar işçi qüvvəsinə tələbatı yüksəldir. Bu baxımdan Azərbaycana gələn miqrantların təkcə say göstəricisi deyil, həm də onların peşə bacarıqları əhəmiyyət daşıyır.

Miqrasiya balansındakı üstünlük ölkənin sosial strukturuna da təsir edir. Azərbaycana gələnlərin arasında qadınların sayının kişilərdən çox olması (1583 qadın, 1433 kişi) sosial mühitdə balanslı bir inteqrasiyanı stimullaşdırır. Bu, gələcəkdə ailə qurmaq, demoqrafik artımı dəstəkləmək və cəmiyyətin sosial dinamikasına yeni nəfəs gətirmək baxımından vacibdir.

Xaricə köçənlərin sayının az olması isə ölkənin sabit həyat şəraiti və imkanlarının qorunduğunu göstərir. Əksər hallarda ölkəni tərk edənlərin təhsil və ya müvəqqəti əmək fəaliyyəti məqsədi ilə köçməsi, uzunmüddətli demoqrafik itkilərin qarşısını alır.

Azərbaycanın miqrasiya göstəriciləri regional siyasət fonunda da diqqət çəkir. Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, həmçinin Avropada enerji böhranı bir sıra insanların yeni məskən axtarmasına səbəb olub. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi mövqeyi, həmçinin Şərqlə Qərb arasında strateji nəqliyyat dəhlizi olması ölkəni miqrantlar üçün daha cazibədar edir.

Digər tərəfdən, Avropa ölkələrinə əmək miqrasiyasının müəyyən dərəcədə davam etməsinə baxmayaraq, Azərbaycana gələnlərin say çoxluğu region daxilində ölkənin nüfuzunun artdığını göstərir. Bu, həm də Azərbaycanın beynəlxalq əməkdaşlıqda cəlbedici mərkəzə çevrilməsinə işarədir.

Miqrantların Azərbaycan cəmiyyətinə inteqrasiyası da diqqətəlayiq mövzudur. Gələnlərin müxtəlif ölkələrdən olması mədəniyyətlərarası əlaqələrin güclənməsinə, yeni sosial mühitin formalaşmasına səbəb olur. Bu isə həm tolerantlıq ənənələrinin möhkəmlənməsinə, həm də iqtisadi və mədəni həyatın rəngarəngliyinə müsbət təsir göstərir.

Mütəxəssislər hesab edir ki, əgər bu tendensiya davamlı olarsa, Azərbaycan yaxın illərdə regionun müsbət miqrasiya balansına malik azsaylı ölkələrindən biri ola bilər. Bu, həm əhalinin artım dinamikasına, həm də əmək bazarının çevikliyinə ciddi dəstək verəcək. Lakin burada əsas məsələ ölkəyə gələnlərin səmərəli şəkildə məşğulluğa cəlb olunması, sosial adaptasiya proseslərinin düzgün idarə edilməsidir.

AzNews.az