MDB-nin Düşənbə sammitindən sonra Dağlıq Qarabağ problemi müstəvisində çox ümidli notlar səslənsə də irəlicədən aydın idi ki, hətta Düşənbədə çox ciddi razılaşmaların əldə olunduğunu qəbul etsək belə, buna aparan proses heç də asan olmayacaq. MDB-nin Düşənbə sammitindən sonra Dağlıq Qarabağ problemi müstəvisində çox ümidli notlar səslənsə də irəlicədən aydın idi ki, hətta Düşənbədə çox ciddi razılaşmaların əldə olunduğunu qəbul etsək belə, buna aparan proses heç də asan olmayacaq.

Paşinyanın beynindəki iki söz

MDB-nin Düşənbə sammitindən sonra Dağlıq Qarabağ problemi müstəvisində çox ümidli notlar səslənsə də irəlicədən aydın idi ki, hətta Düşənbədə çox ciddi razılaşmaların əldə olunduğunu qəbul etsək belə, buna aparan proses heç də asan olmayacaq.

Çünki Ermənistanda hakimiyyət məsələsi hələ tamam həll olunmayıbdı, məlum deyil ki, kiminlə danışasan və yaxud da bilinmir ki, danışsan belə, bunlar kağız üstündə və yaxud da danışıqlar gedən otaqların divarı arasında qalacaq, yoxsa ki, real nəticələrə çevriləcəkdir?

Elə beləcə də oldu. Artıq oktyabrın 3-də İrəvanda siyasi qarşıdurmanın pik həddə çatdığı haqda xəbərlər gəlməyə başladı, məlum oldu ki, parlamentlə hökumət növbədənkənar seçkilə bağlı razılığa gələ bilmir və əski parlament şəraitdən istəfadə edərək əvvəlki hakimiyyətini bərpa etmək, N.Paşinyanın istefa verəcəyi təqdirdə onun yerinə bir başqasının baş nazir təyin olunması haqqında düşünür.

Əlbəttə ki, erməni baş naziri dərhal özünün əsas resursuna–küçə və meydanlara müraciət etdi. Məlum oldu ki, parlamentdəki respublikaçı çoxluq bir az tələsibdir və Paşinyanın reytinqinin tam aşağı düşməsilə bağlı deyilənlər hələki həqiqəti əks etdirmir, onun çağırışına bu gün də on minlərlə adam cavab verir.

Beləcə proses dondu, parlament istədiyi qərarın qəbulunu təxirə saldı. Di gəl, bu, hələ bütün suallara cavab vermək deyil.

İrəvandakı mer seçkisindən sonra Paşinyan qərara gəldi ki, daha parlament seçkilərini yubatmaq olmaz, bunu ölkənin də maraqları diqtə edir, o cümlədən də öz maraqları. Hətta baş nazirin İrəvan kafelərinin birində rəqib siyasi qüvvənin təmsilçisilə bir parç pivə arxasında ciddi bir məsələni – parlament seçkilərini müzakirə etdiyi haqda məlumatlar da yaylımağa başladı. Amma görünür bir parç pivə az imiş, müxalifətin razılığını almaq üçün daha böyük xərclərə getmək lazım gələcəkdir...

Bu sətirlər yazılarkən baş nazir Paşinyanın tələbilə bir neçə müxalif yönümlü məmurlar artıq istefaya göndərilmişdi. Amma baş nazir çalışır ki, elə bir siyasi situasiya yaratsın ki, özünün əldə etdiyi əsas qəniməti –baş nazir kürsüsünü heç kim əlindən ala bilməsin, bir-iki aydan sonra o, bu kürsüyə təzədən eyni rahatlıqla əyləşə bilsin.

Amma müxalif düşərgə təmsilçiləri də, necə deyərlər, hərif-filan deyillər, onlar da boşalacaq baş nazir kürsüsünü dərhal ələ keçirməyə çalışırlar ki, Paşinyan haradan gəlmişdisə, boynunu burub elə oralara da qayıtsın.

Bizə elə gəlir ki, küçə və meydanların köməyilə Paşinyan köhnə parlamentin iradəsini qıra biləcək,- hər halda, belə düşünürük. Amma ki, bəs bundan sonra nə olacaq?

Bax, əsl sual da budur. Ermənilərin Serjik müəllimin laylaları altında mürgü döydüyü, Serjikin özünün də baş nazir olacağı haqda, özü də problemsiz olacağı haqda xəyallara daldığı bir vaxtlarda biz yazırdıq ki, parlament üsul-iradəsi Ermənistan üçün deyil, bunun çətinlikləri çoxdur.

Bu model heç daha demokratik olan Gürcüstan üçün də deyildi və hər kəs bilirdi ki, orada da bu modeli M.Saakaşvili özü üçün düşünmüşdü ki, prezidentlik müddəti bitdikdən sonra yenidən Gürcüstana rəhbərlik edə bilsin – təbii ki, bu dəfə baş nazir qismində. Amma baş tutmadı...

Eyni oyunu Ermənistanda Serjik qurmaq istədi. Amma onun da sevdası baş tutmadı, arzusu ürəyində qaldı.

Parlament idarəçiliyi yüksək seçki və siyasi koalisiya mədəniyyəti tələb edir. Amma hazırda Paşinyanın hakimiyyəti stabil parlament koalisiyası əsasında yox, küçə və meydanların təzyiqi əsasında formalaşan bir razılıq əsasında bərqərar olub. Küçə və meydanların təzyiqi azalan kimi bu razılıq da karton evcik kimi uçacaqdır. Paşinyan buna görə tələsir.

Bir tərəfdən onu İrəvandakı mer seçkilərindəki son qələbə ruhlandırır, digər tərəfdən isə, bir daha deyirik ki, Nikol müəllim başa düşür ki, onun da vaxt resursları tükənməz deyil, ona görə də tələsmək lazımdır, əks təqdirdə hər şey əldən gedər, çünki inqilabla əks inqilab əkiz qardaşlar kimidir, daim yanaşı addımlayırlar.

Ona görə də əminik ki, Paşinyanın beynində iki söz fırlanır: tələsmək lazımdır! Amma tələsməyin də fəsadları olur. Fəqət, bizə elə gəlir ki, hələ bu fəsadların vaxtı yetişməyibdi – erməni baş nazirin nəinki deputat korpusunun, hətta parlament binasının yerini dəyişməkçün gücü var. Di gəl, hələki...

Hüseynbala Səlimov
AzNews.az