"Bu layihə həmçinin Azərbaycana da fayda verəcək" "Bu layihə həmçinin Azərbaycana da fayda verəcək"

“Azərbaycan dünya bazarında sabit, etibarlı neft təchizatçısıdır” - Aİ səfiri

"Bu layihə həmçinin Azərbaycana da fayda verəcək"

"Azərbaycan Avropa İttifaqı və Avropa ölkələri də daxil olmaqla, bütövlükdə dünya bazarında sabit, etibarlı neft təchizatçısıdır".

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibətilə Azərbaycan neftçilərini peşə bayramları münasibətilə təbrik edərkən deyib.

"İki il əvvəl - "Əsrin müqaviləsi" uzadılanda da Azərbaycanda idim. Düşünürəm ki, bu, Azərbaycanın öz təbii sərvətlərini ölkənin xeyrinə istifadə etməsi üçün cəsarətli və uzaqgörən addımdır. Növbəti layihə olan "Cənub Qaz Dəhlizi"nin gələn il başa çatacağını gözləyirik. Hesab edirəm ki, bu, Azərbaycana bir çox üstünlüklər və maliyyə sabitliyi verir və Avropa üçün alternativ mənbələr, alternativ təchizatçılar yaradır", - səfir bildirib.

Onun sözlərinə görə, çatdırılmalar nə qədər çox şaxələndirilmiş olarsa, Aİ enerji təhlükəsizliyi baxımından bir o qədər qorunmuş olar: "Bu layihə həmçinin Azərbaycana da fayda verəcək".

Xatırladaq ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.

1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilə imzalanıb. Sazişin müddəti 2017-ci il sentyabrın 14-də əsrin ortalarına qədər uzadılıb.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir.

Hazırda AÇG yatağından gündə, təxminən, 550 min barel neft hasil olunur. Həmin neft dünya bazarlarına, əsasən, Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutları ilə ixrac olunur.

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).(report.az)

AzNews.az